May 01 2018 18:29
Views: 466

Mayın 1-i  dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik bayramı kimi qeyd edilir. Hər il olduğu kimi bu il də Rusiyanın paytaxtı Moskvada həmkarlar ittifaqları, ictimai təşkilatlar, həmçinin iri siyasi partiyalar mitinq və yürüşlər keçirir. Bu gün münasibətilə keçirilən tədbirlər mərkəzi küçələrdən başlayaraq Qızıl Meydanadək davam edir. Aksiyalarda ənənəvi olaraq hər il 100 minlərlə insan iştirak edir.
Türkiyədə Beynəlxalq Əmək Günü İstanbul da daxil olmaqla bir sıra iri şəhərlərdə qeyd olunur. Qardaş ölkədə Əmək və Həmrəylik Günü adlandırılan bu bayram münasibətilə İcazəli mitinq və yürüşlər üçün yerlər müəyyən edilib. Xəbərdarlıq olunub ki, əvvəlcədən razılaşdırılmayan mitinq və yürüşlərə icazə verilməyəcək. Qeyd edək ki, uzun illərdir Türkiyədə mayın 1-də bəzi sosialist təmayüllü siyasi partiyaların təşkil etdikləri yürüş-mitinqlər müəyyən təxribatlarla yadda qalır. Yanğınlar törədilir, nəqliyyat vasitələrinə, dövlət və əhaliyə qarşı zor tətbiq olunur. Son illərdə hökumət bu problemlərdən qurtarmaq üçün rəsmi olaraq mayın 1-nin Əmək və Həmrəylik Günü kimi qeyd olunmasına icazə verib.
1 may bayramının  tarixi fəhlələrin ABŞ-da keçirdiyi etiraz aksiyasından başlayır. 1896-cı ildə mayın 1-də Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15 saat işləmələrinə etiraz edərək nümayişə çıxıb, 8 saatlıq iş günü və istirahət hüququ tələb edib. Tətil qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə də yayılıb. Sonralar Avropanın iri şəhərlərində, o cümlədən Rusiyada da fəhlə tətilləri başlayıb. Üç il sonra, 1889-cu ildə fəhlə partiyalarının beynəlxalq birliyi - İkinci İnternasionalın iştirakçıları Paris konqresinə toplaşaraq 1 may gününü bütün dünya fəhlələrinin həmrəylik günü elan ediblər. Dünyada ilk dəfə 1890-cı ildə bu bayramı qeyd ediblər. Bununla da fəhlələrinin tətil elan etdiyi 1 may tarixi zəhmətkeşlər günü kimə tarixə düşüb. 1 may bəzi ölkələrdə adi gün kimi qeyd olunur, bəzi ölkələrdə isə dövlət səviyyəsində bayramdır. Bir neçə Avropa ölkəsində bu gün bayram və bahar bayramının başlanğıcı kimi də qeyd olunur. Məsələn İngiltərədə Mayın 1-i istirahət günü olsa da, həmkarlar ittifaqları ənənəvi olaraq bu günü qeyd edir. Birləşmiş Krallıqda küçə nümayişləri, paradlar keçirilir. Almaniyada bu gün radikallarla polis arasında toqquşmalarla yadda qalır.
Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrlərdə, 1920-1991-ci illərdə 1 may ölkəmizdə də rəsmi bayram kimi qeyd edilib. Sovet İttifaqı bu bayramı siyasiləşdirib. Hər may bayramı öncəsi qəzetlər antiimperialist şüarlar dərc edir, burjuaziya, kapitalizm əleyhinə çıxırdı. Bu da sovet ideologiyasının təbliğatına xidmət edirdi. O dövrdə meydanlarda yürüşlər keçirildikdən sonra İnsanlar toplaşır və birlikdə istirahət edir, əylənirdilər. Çoxlarının yadında 1 mayın ideloji tərəfləri deyil, məhz elə əməkçilərin ayrıca bir gününün qeyd olunması qalıb. Ekspertlər də zəhmətkeşlərin gününün qeyd olunmasını önəmli sayırlar
Qeyd edək ki, Sovet İttifaqı dağılandan sonra 1992-ci ildə Azərbaycan hökuməti bu bayramı ləğv edib.


Create Account



Log In Your Account