Sep 11 2019 15:35
Views: 249

Zəif bir gücün böyük dövlətə qarşı terror hadisələrindən istifadə edərək təsir göstərməsi məhz 11 sentyabr hadisələrindən sonra dünyaya aydın oldu. Bunu politoloq Arzu Nağıyev CBC-yə açıqlamasında deyib. Politoloqun fikrincə,məhz bu hadisədən sonra rəsmi Vaşinqton bəzi gerçəkləri qəbul etməli oldu. Bu hadisə ümumilikdə dünyanın siyasi mənzərəsini dəyişdi.
11 sentyabr hadisələrindən sonra Ağ ev terrora qarşı mübarizə ilə bağlı beynəlxalq antiterror koalisiyanın yaranmasına nail oldu. Azərbaycan  özü də erməni terrorundan əziyyət çəkən ölkə kimi sözügedən antiterror koalisiyasına qoşulan ilk dövlətlərdən biri olub. Hərbçilərimiz Kosovoda, Əfqanıstanda və İraqda antiterror koalisiyası tərkibində fəaliyyət göstərib. BMT Təhlükəsizlik Şurasının 2003-cü ildə qəbul etdiyi qərara əsasən 14 zabit, 16 çavuş və 120 əsgərdən ibarət Azərbaycan sülhməramlıları İraqa göndərilib. Hazırda Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda 90 Azərbaycan hərbçisi sülhməramlı missiyalarını yerinə yetirir. Ekspertlərin fikrincə, 11 sentyabr hadisələri göstərdi ki, heç bir ölkə terror təhlükəsindən sığortalanmayıb. Anti-terror koalisiyası çərçivəsində əməkdaşlığı ilə yanaşı, həm də hüquq-mühafizə və xüsusi-xidmət orqanlarının üzərinə böyük məsuliyyət düşür.
11 sentyabr nəinki Birləşmiş Ştatlarında, hətta bütün dünyada ən qanlı terror aktı kimi tarixə düşüb. 2001-ci il 11 sentyabr səhəri “Al Qaidə”  terror təşkilatının üzvləri olduğu bildirilən intiharçıların ələ keçirdiyi  Amerika hava yolları şikətinə məxsus təyyarələr Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal və Cənub qülləsinə çırpılıb. Daha sonra isə ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası intiharçıların idarə etdikləri təyyarə ilə vurulub. Terrorçuların qaçırdığı daha bir təyyarəni isə hava hücumundan müdafiə qüvvələri zərərsizləşdirib. Rəsmi məlumata görə, terror aktları nəticəsində 3000-ə yaxın insan həyatını itirib.

 


Create Account



Log In Your Account