Aug 02 2018 17:22
Views: 584

Bu gün Azərbaycan Milli Kinosunun 120 yaşı tamam olur. Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra naşir və fotoqraf Mişon Bakıda “Balaxanıda neft fontanı” və “Bibiheybət neft mədənində yanğın” adlı xronikal süjetləri lentə alır. 1898-ci il avqustun 2-də bu filmlər ilk dəfə nümayiş olunur. Həmin gün milli kinonun yaranma günü sayılır.

Bundan sonra onlarla film çəkilir. Onlar arasında ən yadda qalanı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ekranlaşdırılmış ilk milli kinokomediya olur. 1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başlayır. Həmin illərdə çəkilən “Ulduz”, “Şərikli cörək”, “Bizim Cəbiş müəllim” və digər filmlər tamaşaçı rəgbəti qazanır. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma baş verir.

Ötən əsrin sonunda çəkilən filmlər sırasında ən çox yadda qalanları Qarabağ münaqişəsindən bəhs edən “Özgə vaxt”, “Biz qayıdacağıq”, “Fəryad”, “Sarı gəlin”, “Lal çinar”, “Arxada qalmış gələcək” kimi kinolentlərdir. Müstəqillik illərində bir çox Azərbaycan filmləri beynəlxalq kinofestivallarda iştirak edir, ölkədə və onun hüdudlarından kənarda mükafatlar alır. Teatr və kino rejissoru İlqar Safatın “Sahə” filmi 2011-ci ildə “Ən yaxşı xarici” film nominasiyasında “Oskar” mükafatına təqdim edilir. Baş rol ifaçısı Timur Oduşev isə "Hollivudun gənc istedadları" mükafatına layiq görülür.

Rejissorun sonuncu çəkdiyi “İçəri Şəhər” filmi bu il beynəlxalq festivalda mükafata layiq görülüb: "Şadam ki, bu filmi Avropa və Asiyada bir neçə festivalda təqdim etmişəm. Film Amerikanın nüfuzlu Hyuston Beynəlxalq Film Festivalında “Dram” nominasiyasında mükafat alıb. Filmdə baş rolu oynayan aktrisa Türkiyədə mükafata layiq görülüb. Film Avropa kimofestivallarında da uğur qazanıb. Bir rejissor üçün bu, çox böyük xoşbəxtlikdir”.

Son 10 ildə Azərbaycan kinematoqrafçılarının filmləri beynəlxalq festivallarda uğur qazanır. Kinoşünas və jurnalist Xəyalə Məmmədova deyir ki, təkcə bu il ərzində beynəlxalq səviyyədə festivallarda iştirak edən 8 Azərbaycan filminin yaradıcısı ilə ünsiyyətdə olub.

Azərbaycan kinosu özünün inkişaf dövrünü yaşayır. Dövlətin, eləcə də özəl kino şirkətlərinin dəstəyi ilə müxtəlif mövzuda filmlər istehsal edilir. Xarici kinematoqrafçılarla birgə də layihələr reallaşdırılır. Bu, həm Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə tanış olan əcnəbi kino xadimləri, həm də 120 illik yubileyini qeyd edən Milli Kinomuz üçün çox mühüm təcrübədir.


Create Account



Log In Your Account