Oct 10 2019 20:21
Views: 201

Dünyanın 22 ölkəsinin 150-dən  çox təhsil müəssələrinin nümayəndələri Bakıda 13-cü Azərbaycan Beynəlxalq Təhsil Eduexpo sərgisində toplaşıblar. Sərgidə aparıcı yerli və xarici təhsil müəssələrinin imkanları nümayiş etdirilir. Sərgidə Təhsil Nazirliyi təhsil sahəsində innovasiyaların və perspektivli startapların, eləcə də ölkənin təhsil prosesində İT texnologiyalarının tətbiq mexanizmlərinin nümayişi üçün interaktiv platforma olan stendi ilə iştirak edir.
Sərginin açılış mərasiminə Türkiyənin milli təhsil naziri Ziya Selçuk da qatılıb. O, sərginin təhsilin həm milli, həm də beynəlxalq səviyyədə inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Türkiyənin Milli Təhsil naziri iki ölkə arasında təhsil sahəsində yeni layihələrin müzakirə olunacağını da bildirib.  
Bu il ilk dəfə olaraq Avropa İttifaqının birləşmiş stendi də açılıb. Stenddə Avropa İttifaqının proqramları ilə yanaşı, 10-dan çox ölkənin universitetlərinin imkanları nümayiş olunur. Həmçinin burada xaricdə pulsuz təhsil və beynəlxalq təhsil mübadiləsi proqramları, o cümlədən “Erasmus+” proqramı da təqdim edilir.
Builki sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır. Yerli layihəçilər təhsil sahəsində bir sıra yeni texnologiyalar təqdim edir. Ümumilikdə, sərgidə məktəbəqədər hazırlıq, orta təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil, magistratura, MBA, aspirantura, doktorantura, xaricdə təhsil və tələbə mübadiləsi üzrə proqramlar təqdim olunur. Bundan başqa  dil kursları, yay məktəbləri, treyninqlər, dərsliklər və metodiki vəsaitlər, yeni informasiya texnologiyaları, təhsil üçün avadanlıqlar kimi sektorlar üzrə məlumat və xidmətlər təqdim edilir. Sərgi 3 gün davam edəcək.


Create Account



Log In Your Account