May 03 2019 19:05
Views: 296

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik hesabatı dinlənilib. Hesabatda il ərzində ölkədə baş verən insan alveri faktları, bu xarakterli cinayətlərlə mübarizə üçün görülən tədbirlər haqqında məlumat verib.

Bildirib ki,  insan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işlərindən 27-nin istintaqı tamamlanıb, 23 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb: “Ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri cinayəti qeydə alınıb, 4 məcburi əmək, 35 cinayət aşkarlanıb. 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib. 79 tikinti obyektində 946 nəfərin əmək və ya xidməti müqavilə olmadan çalışdığı aşkar edilib. Yol verilən pozuntularla bağlı 6 işəgötürən təşkilat barədə Respublika Prokurorluğu tərəfindən cinayət işləri başlanılıb, 35-i haqqında 527 min manat həcmində inzibati cərimə, 27-si barədə 468 min manat miqdarda vergi sanksiyası tətbiq edilib”.

Milli koordinator qeyd edib ki, 98 insan alveri qurbanı müəyyənləşib ki, onların 82 nəfəri qadınlardı. Vilayət Eyvazov uşaq əməyinin istismarının qarşısının alınması  məqsədi ilə keçirilən reydlərdən də danışıb.

Qeyd edib ki, reydlər  zamanı ailə mühiti, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən edilib.

Deputatlar insan alveri ilə mübarizə sahəsində görülən işləri müsbət qiymətləndiriblər. Əsasən məcburi əməyin qarşısının alınması istiqamətində işlərin gücləndirilməsi, həm də hüquqları pozulan uşaqların müdafiəsi üçün təkliflər səsləndiriblər.

 Milli koordinatorun hesabatı səsə qoyularaq qəbul edilib.


Create Account



Log In Your Account