Oct 18 2019 19:58
Views: 255

Bu gün Dövlət Müstəqilliyi Günüdür. Azərbaycanın ikinci dəfə suverenliyə qovuşmasından 28 il ötür. 1918-ci ildə yaradılan və 23 ay sonra Sovet ordusunun işğalına məruz qalan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra Azərbaycan yenidən istiqlaliyyətini əldə edib. İyirminci yüzilliyin sonlarında Sovetlər birliyinin dağılması nəticəsində, 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı ikinci dəfə müstəqillik bayrağını qaldırıb. 1991-95-ci illərdə Azərbaycanın mətbuat və informasiya naziri vəzifəsində çalışan xalq şairi Sabir Rüstəmxanlı deyir ki, hər bir xalqın ən böyük arzusu müstəqil dövlətə sahib olmaqdır. Buna görə də 18 oktyabr Azərbaycanın tarixində çox mühüm günlərdən biridir.
Tarixçilər deyirlər ki, 1991-ci ildə demokratik qüvvələrin fəaliyyəti nəticəsində Sovet ölkələrinin “suverenlik paradı” başlayıb. Respublikalar bir-birinin ardınca dövlət müstəqilliklərini elan ediblər. O cümlədən, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub.
Tarixçilər qeyd edirlər ki, Azərbaycan əsl müstəqilliyini 1993-cü ildə əldə edib. Məhz həmin il, Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi vaxt xalqın təkidli dəvəti, çağırışı ilə milli lider Heydər Əliyev hakimiyyətə qayıdıb. Azərbaycanın 1991-ci ilin 18 oktyabrında müstəqil dövlət kimi elan olunmasında Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti müstəsna rol oynayıb. Milli lider 1990-cı ilin 17 noyabrında Naxçıvan Ali Məclisində AXC-dən bizə miras qalmış bu günkü üçrəngli bayrağımızı qaldırıb.
1991-ci il dekabrın 29-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı xalq səsverməsinə çıxarılıb və təsdiq edilib. Əhalinin 95%-i ölkənin müstəqilliyinə səs verib. Artıq 28 ildir Azərbaycan suveren ölkədir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə, dünyada nüfuz sahibinə çevrilib.


Create Account



Log In Your Account