Sep 18 2019 18:52
Views: 187

18 sentyabr - Milli Musiqi Günü ənənəvi olaraq bu il də ölkədə təntənəli qeyd edilir. Bu bayram tarixə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub. Bu münasibətlə tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri Xiyabanda görkəmli bəstəkarın məzarını ziyarət etdilər. 1885-ci il, sentyabrın 18-də Şuşada anadan olan Üzeyir Hacıbəylinin zəngin həyat və yaradıcılığından, milli musiqinin inkişafındakı xidmətlərindən söz açdılar.

Azərbaycan Milli Konservatoriyasında da əsl bayram ab-havası yaşanırdı. Musiqiçilərin ifasında “Qarabağ şikəstəsi” hər kəsi feyziyab etmişdi.

Milli Musiqi Günü 1995-ci ildə ümummili lider Heydər Əliyevin fərmanı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində təsis edilib. Bu gün həm də Azərbaycanın görkəmli bəstəkarı Müslüm Maqomayevin doğum günüdür.

Mədəniyyət naziri Əbülfəs Qarayevin sözlərinə görə, Şuşada ucaldılan bu heykəllər erməni təcavüzünə uğrayıb. Müvəqqəti olaraq burada yerləşdirilən büstlər öz yerlərinə qaytarılacaq. “Tezliklə torpaqlarımız erməni işğalından azad olacaq və biz Milli Musiqi Gününü Şuşanın Cıdır düzündə qeyd edəcəyik” – Əbülfəs Qarayev belə deyib. Milli Musiqi Günü münasibətilə Bakı Musiqi Akademiyasının qarşısında da konsert proqramı təşkil edilib.

Milli Musiqi Günü məktəblilər üçün də əsl bayrama çevrilib.

Bu gün Üzeyir Hacıbəylinin adını daşıyan Beynəlxalq Musiqi Festivalına da start veriləcək. 10 ölkədən musiqiçilərin iştirak edəcəyi festivalda Azərbaycan və dünya bəstəkarlarının şah əsərləri səsləndiriləcək. Festival sentyabrın sonunadək davam edəcək.


Create Account



Log In Your Account