Jan 20 2019 14:59
Views: 461

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın azadlığı uğrunda həyatını qurban verənlərdən biri Vidadi Məmmədov olub. Həmin gecə o, indi 20 yanvar şəhidlərinin xatirəsinə abidənin ucaldıldığı o zamankı 11-ci qrımızı ordu meydanında imiş. O, sovet hakimiyyətinə, onun mərhəmətinə və humanistliyinə inanaraq gedib. Amma sovet ordusunun gülləsinə tuş gəlib.

Amma həmin gecə tankların qarşısına çıxanların çoxu kimi Vidadi Məmmədov da geri qayıtmır. Qırmızı ordunun əsgərləri onu kürəyindən vurur. Meyitini ailəsi bir neçə gün sonra xəstəxananın morqunda tapır. 20 yanvar hadisələri vaxtı heç bir günahı olmayan dinc sakinlər sovet ordusunun güllələrinə tuş gəlir. Onlardan biri də taksi sürücüsü Vladimir Tokaryov idi.

Həmin gün Bakı buxtası və hava limanı blokadaya alınmışdı. Vladimir Tokarevin olduğu maşını eyni vaxtda 4-5 əsgər atəşə tuturdu. Güllələr hər tərəfdən gəlirdi. Tokarevin qohumları avtomobildəki ana və oğulun sağ qalmasını indi də möcüzə kimi  qəbul edirlər. Həmin gecə tanklar qarşısına çıxan avtobusları, təcili yardım maşınlaırnı, yaşayış binalarını atəşə tuturdu. Gülləbarana tuş gələn avtobusun sərnişinləri, o cümlədən 13 yaşlı Larisa Məmmədova və İlqar İbrahimov da həyatını itirir. Avtobusda olan İrkutsk tib texnikumunun tələbəsi Tengiz Turabov da həmin gecə sovet ordusunun gülləsinə tuş gəlir. Yaxınları deyir ki, Tengiz vətənində baş verənlərdən çox narahat idi və ailəsinə dəstək olmaq üçün Bakıya gəlmişdi.

Tengiz həkim olmaq arzusunda idi. həmin gecə avtobusda yaralılara yardım göstərməyə çalışırdı. Amma özü aldığı güllə yarasından həyatını itirir. 1990-cı il yanvarın 22-də isə Bakı öz şəhidləri ilə vidalaşır. Minlərlə insan paytaxtın mərkəzi meydanına toplaşaraq 20 yanvar gecə həlak olan qəhrəman oğul və qızlarını son mənzilə yola salırdı. Artıq heç kəs binaların damlarından onlara tuşlanan sovet snayperlərinə məhəl qoymurdu. İnsanlar bütün qorxularını sanki 20 yanvar gecəsi unutmuşdular. Həmin gündən 20 yanvar şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanı bütün azərbaycanlıların müqəddəs ziyarətgahına çevrilib.

 

 


Create Account



Log In Your Account