Oct 28 2019 18:55
Views: 228

2019-cu ilin 9 ayında Qobustan Milli Tarixi Bədii Qoruğuna 120 mindən çox  turist baş çəkib. Bunu CBC-yə müsahibəsində qoruğunun direktoru Vüqar İsayev bildirib.  Onun sözlərinə görə, qoruğun dünyada  tanıdılması istiqamətində həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verir. Qoruğu ziyarət edən xarici turistlərin sayında artım müşahidə olunur.  Eyni zamanda turistləri cəlb etmək üçün fərqli layihələr də həyata keçirilir.

Bu layihə “Kadrarxası Qobustan” adlanır. “Dədə Qorqud”, “Nəsimi”, “Qanlı Zəmi”  filmlərinin bəzi kadrları Qobustan ərazisində çəkilib. Layihə ilk növbədə yerli turistlərin marağı nəzərə alınaraq işlənib. Artıq yerlər müəyyən olunub və bu turizm marşrutunun işlənməsi üzərində hazırlıqlar yekunlaşıb.

Qoruğu ziyarət edən turistlər üçün  ənənəvi turizm marşrutları ilə yanaşı adrenalin sevənlər üçün safari turları da təşkil olunur. Bir müddət əvvəl təqdim edilən bu turizm marşrutundan 10 dəfədən artıq turist qrupları yararlanıb. Bunun üçün əvvəlcədən müraciət əsasında avtomobillər texniki baxışdan keçirilir. Bir gün öncədən ziyarət olunacaq yerlər aydınlaşdırıldıqdan sonra tura icazə verilir.

Qobustanda asudə vaxtlarını dəyərləndirmək istəyən turistlər üçün atla gəzintilərin təşkili də nəzərdə tutulub. Bu turlar ziyarətçilərə standart marşrutdan kənara çıxarmaqla yeni yerlər, yaşayış məskənləri ilə tanış olmaq imkan verəcək.  Atla turların ilin sonunda reallaşdırılması planlaşdırılır. Qeyd edək ki, Qaradağ rayonunun Qobustan qəsəbəsində, Bakıdan 56 km aralıda yerləşən Qobustan Milli Tarixi Bədii Qoruğu unikal flora və faunaya malikdir. Qoruğun ərazisində maddi-mədəniyyət qalıqları və qayaüstü təsvirləri ilk dəfə Azərbaycan arxeoloqlarından professor İshaq Cəfərzadə 1939 – 1940 – cı illərdə aşkara çıxarıb. 1966 – cı ildə qoruq elan edilən Qobustanın bəzi qayaüstü təsvirləri  2007-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına  daxil edilib.


Create Account



Log In Your Account