Apr 25 2019 14:36
Views: 190

Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı sərəncama əsasən hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar günü kimi qeyd olunur. Son illərdə Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması, əsassız yoxlamaların aradan qaldırılması, sahibkarlara subsidiya və kreditlərin verilməsi ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib. “Made in Azerbaijan” brendinin təşviqi Azərbaycan məhsullarının xarici ölkələrdə tanınmasında, azərbaycanlı iş adamlarının xarici bazarlara çıxış imkanlarının artmasında mühüm rol oynayır.

İş adamları hesab edirlər ki, dövlətin davamlı dəstəyi ölkə iqtisadiyyatının inkişafında özəl sektorun rolunun artmasına ciddi təsir göstərir.

Sahibkarlığın inkişafı məqsədilə son illər xüsusi dövlət proqramları qəbul edilib. Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb.  Lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayı əhəmiyyətli dərəcədə azaldılıb. Lisenziyaların elektron qaydada verilməsi üçün “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib.  Yerli istehsalın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlər həyata keçirilib, dövlət satınalmalarında yerli istehsala üstünlük verilir. Bundan başqa vergi və gömrük prosedurları da sadələşdirilib. İş adamları bu güzəştlərin özəl sektor üçün mühüm əhəmiyyətə malik olduğunu qeyd edirlər.

Rəsmi məlumata görə, 2019-cu il yanvarın 1-nə Azərbaycanda 130 mindən çox hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən təxminən 10 faiz çoxdur. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 842 mindən çox fiziki şəxs qeydiyyatdan keçib. 2018-ci ilin əvvəli ilə müqayisədə bu, 6 faiz artım deməkdir.

 


Create Account



Log In Your Account