Sep 19 2019 17:04
Views: 163

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddətdə ölkəyə ümumilikdə təqribən 265 milyard, neft sənayesinə 101 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Təkcə AÇG-nin işlənilməsinə yatırılmış sərmayənin miqdarı 36 milyardı keçib. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd edilib.

SOCAR prezidenti vurğulayıb ki, neftqazçıxarma sahələrində yeni texnika, maşın-mexanizmlər tətbiq olunub. Elmtutumlu innovativ yanaşmanın nəticəsidir ki, Xəzərin Azərbaycan sektorunda yaradılmış dəqiq hasilat və nəqletmə sistemi miqyas və səmərəliliyinə görə bütün dünyada nümunə göstərilir. Rövnəq Abdullayev son 25 ildə ölkə qaz hasilatında da ciddi artım olduğunu bildirib.

Məqalədə qeyd olunur ki, son 25 ildə Azərbaycanda qaz hasilatı 5 dəfə, son 11 ildə isə 30,3 faiz artıb. Bu müsbət dinamika davamlı xarakter daşıyır. Cari ilin sonuna qədər ümumi qaz hasilatında 20 faiz artım proqnozlaşdırılır. Bu dinamika növbəti illərdə də yüksələn xətt üzrə davam edəcək.

SOCAR-ın eyni zamanda həm Azərbaycanın, həm də qonşu Gürcüstanın əsas qaz operatoru olduğunu qeyd edən Rövnəq Abdullayev bildirib ki, qaz tədarükü və qazlaşdırma sahəsində qazanılan zəngin təcrübə bu yaxınlarda Türkiyədə satın alınan qazpaylaşdırıcı şəbəkənin də səmərəli idarə olunacağına əminlik yaradır.


Create Account



Log In Your Account