Dec 01 2018 14:56
Views: 401

Əslən Zəngəzur mahalından olan və ömrünün 30 ilindən çoxunu indiki Ermənistanın paytaxtı İrəvanda yaşamış Söhbət Məmmədov 1988-ci ildə azərbaycanlıların deportasiyasını öz gözləri ilə görüb şahidlik edən şəxslərdəndir. Hələ kiçik yaşlarında İrəvana ailəsi ilə gələn Söhbət müəllim ermənilərin azərbaycanlılara qarşı mənfi münasibətini ilk dəfə müşahidə edəndə hadisələrin bu səviyyəyə gəlib çıxacağını ağlına belə gətirməzdi.

Ali təhsil aldıqdan sonra Söhbət Məmmədov Zəngibasar mahalının Qaraqışlaq kəndində rus dili müəllimi kimi çalışıb. Sonradan İrəvanda tələbə-inşaat briqadalarına rəhbərlik edən zaman da, sonra işlədiyi yerlərdə də türklərə nifrət edən ermənilərlə az rastlaşmayıb.

Kənd və qəsəbələrdə azərbaycanlı ailələrin evlərinə od vurulduqdan sonra artıq azərbaycanlılar ailələrini tezliklə Ermənistandan çıxarmağa can atırdı. Azərbaycanlılara qarşı psixoloji təzyiqlərlə yanaşı, fiziki işgəncələr, qətl hadisələri də müşahidə olunurdu.

1988-ci ildə Söhbət Məmmədov kimi Ermənistan SSR-də yaşayan 250 mindən çox azərbaycanlı zorla öz ata-baba yurdunu tərk etməyə məcbur edilib. 6 şəhərdən didərgin düşmüş azərbaycanlı ailələrin sayı 50 minə yaxın olub. 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılıb. 1988-1989-cu illər deportasiyası zamanı 226 soydaşımızı ermənilər müxtəlif üsullarla öldürüb, 400-dən çox insan xəsarət alıb. Qaçqınlara dəyən ümumi maddi ziyan isə  20 milyard dollar təşkil edir.

Tarixçilər hesab edir ki, 1988-90-cı illər deportasiyasının əsası hələ bir əsr yarım öncə qoyulub. Söhbət Azərbaycan ərazilərinə ermənilərin köçürüldüyü dövrdən gedir. 1988-ci ildə isə tarixi hadisələr yeni şəraitdə təkrarlandı və azərbaycanlıların etnik təmizlənməsi prosesi başa çatdırıldı.

30 ildir ki, doğma torpaqlarından məcburi köçkün, qaçqın düşmüş azərbaycanlıları beynəlxalq təşkilatların bu məsələyə laqeyd münasibəti narahat edir. Doğulduqları, yaşadıqları torpaqdan ayrılmalarının üzərindən neçə illər keçsə də, doğma yurdlarını unutmur, ora qayıtmaq ümidi ilə yaşayırlar.

 


Create Account



Log In Your Account