Sep 24 2018 16:38
Views: 724

Şəhrisəbz hələ Sovet dönəmindən Azərbaycanlılara Özbəkistanın məşhur Yalla qrupunun ifa etdiyi bu mahnıdan tanışdır. Farscadan tərcümədə Şəhrisəbz “yaşıl şəhər” deməkdir. Bu şəhər heç vaxt Səmərqənd və ya Buxara kimi məşhurlaşmayıb. Halbuki onlardan daha qədimdir. 2700 il yaşı olan Şəhrisəbz Əmir Teymurun doğma şəhəridir. Böyük sərkərdə 1336-cı ildə o vaxtlar Keş adlanan bu şəhərdə dünyaya gəlib. O, doğulduğu şəhərə diqqətini heç vaxt azaltmayıb. Təkcə hökmdarın əmri ilə inşa etdirilən Ağ Saray kifayətdir ki, Teymurun bu şəhərə sevgisinə əmin olasan.
Sarayın inşasına 1380-ci ildə başlanıb və tikinti işləri 24 il davam edib. sarayın sadəcə iki divarı günümüzə qədər qorunub saxlanıb. Əvvəllər hündürlüyü 70 metrə çatan abidə tədricən çöküb və hündürlüyü azalıb. Şəhərdə hər yerdə Əmir Teymurun adı ilə bağlı abidələrə rast gəlmək mümkündür. Şəhrisəbzin rəmzlərindən biri Dor-ut-Tilovat kompleksinə daxil olan Göy Gümbəzdir.
Bu abidə Orta Asiyada ən böyük gümbəz sayılır. Onun mavi gümbəzinin diametri 46 metrdir. Tikili  demək olar ki, günümüzə qədər tam qorunub saxlanıb, lakin sonradan restavrasiya işləri aparılıb.
Şəhrisəbzdə Əmir Teymurun müəllimi, 2 oğlu, atası və anası dəfn olunub. Onun anasının məzarının yeri bəlli olmasa da, Şəhrisəbzdə yerləşdiyinə tarixçilər əmindirlər. Dor-ut-Tilovat kompleksində Teymur üçün çox dəyərli olan iki nəfər dəfn olunub. 
Əmir Teymurun iki oğlu isə yaxınlıqdakı “Dar us-Seadet” komleksində dəfn olunub. Çox sevdiyi və öz varisi hesab etdiyi Cahangir Mirzənin qəfil ölümündən olduqca kədərlənən Əmir Teymur oğlunun xatirəsini əbədiləşdirmək üçün doğma şəhərində möhtəşəm məqbərə tikilməsini əmr edir. Bu abidə qismən dağılsa da, əsas hissə günümüzə qədər qorunub. Sonradan vəfat edən Umarşeyx də qardaşının məzarı yaxınlığında dəfn olunur. lakin onun məqbərəsi yoxdur.
Kompleksdə Əmir Teymurun da məzarı var. Amma bu məzar boşdur.
Əmir Teymurun boş məzarı 1943-cü ildə təsadüfən aşkar edilib. Burda oynayan uşaqlardan biri qəfildən dərin çuxura düşür. Uşaqlar yerin altında otaq olduğunu görürlər. Arxeoloqların araşdırmaları nəticəsində Teymurun məzarı ortaya çıxır. Alimlərin fərziyyəsinə görə böyük sərkərdə doğulduğu şəhərdə dəfn olunmasını istədiyi üçün sağ ikən özünə burda məzar hazırladıb. Lakin onun vəsiyyətinə əməl olunmayıb. Əmir Teymurun nəşi burda olmasa da onun doğulduğu şəhər turistlərin ən çox baş çəkdiyi məkanlardan biridir. 60 ildir Almaniyada yaşayan Təbrizli Murtuza Rəzəvi isə bu şəhərin mənəvi dəyərinin böyük olduğunu deyir.
Özbəklər özləri də Əmir Teymurun doğma şəhəri ilə fəxr edir.
Böyük sərkərdə Əmir Teymuru dünyaya bəxş edən bu şəhər yalnız qədim abidələri, görməli yerləri ilə deyil mehriban, gülərüz insanları ilə də turistləri özünə cəlb edir. Azərbaycanlılar isə burda hər zaman arzuolunan qonaqdırlar. Çünki qardaş xalqın nümayəndələri azərbaycanlılara xüsusi hörmət və sevgi ilə yanaşırlar. Bütün bunlar Şəhrisəbzə yenidən qayıtmaq üçün yaxşı səbəbdir.


Create Account



Log In Your Account