Apr 17 2019 18:43
Views: 374

Azərbaycanda son üç ay ərzində elektron məhkəmə sistemindən yararlananların sayı xeyli artıb. Bu prosesə ötən ilin 28 dekabrında “Məhkəmələr və hakimlər” haqqında qanuna edilən dəyişikliklər təkan verib. Bu haqda Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov məlumat verib. Onun sözlərinə görə, artıq iqtisadi məhkəmələrə tamamilə elektron qaydada müraciət imkanları təmin edilib. Elektron məhkəmələrdə sənədlər kağız formada tələb olunmur. Çıxarılan qərarlar isə elektron qaydada dərc olunur və qərarla şəxsi kabinetdən tanış olmaq mümkündür.

Yeni sistemdə kiçik iddialar üzrə icraat anlayışı yaradılııb. Belə işlərdə vətəndaşların və sahibkarların məhkəməyə müraciəti asanlaşdırılır. Hər kəs məhkəməyə elektron iddia göndərir, sənədlərin skan variantını sistemə yükləyir. İddianın icraata qəbul müddəti 10 gündən 1 günə, işlərə baxılma müddəti 90 gündən 30 günə qədər azaldılıb. Məhkəmə də elektron qaydada aparılır, hakim göndərilən sənədlər əsasında qərar çıxarır.  

Xüsusilə sahibkarların yararlandığı yeni sistemlə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təqdimat keçirilib. Qeyd olunub ki, yeni sistem sayəsində hakim və sahibkar arasında kağızsız elektron qaydada yazışma, sənədlərin elektron qaydada təqdim edilməsi və alınması, bütün qərarların avtomatik elektron dərc olunmasına nail olunub. Vahid məhkəmə portalında artıq 100 mindən artıq qərar dərc olunub. Sahibkarlar işin gedişini elektron qaydada yoxlaya bilər. Gələcəkdə məhkəmələr elektron qaydada digər dövlət qurumlarından sənədləri - əmlak üzrə çıxarışları, vergi ilə bağlı məluatları da əldə edə biləcəklər. Bu da məhkəmə işlərinin daha qısa müddətcə tamamlanması və qərarların icrasına kömək edəcək.


Create Account



Log In Your Account