Dec 08 2018 18:13
Views: 339

Cəmiyyətin maraqla qarşıladığı “ASAN Məktub” layihəsinin 3 yaşı tamam olub. “ASAN könüllüləri” bu müddət ərzində neçə-neçə uşağa sevinc yaşadıb, əlçatmaz arzularını reallaşdırıb. Layhə rəhbəri Rəbiyyə Cəfərova deyir ki, heç bir maddi qazanc güdmədən balacaları fərəhləndirmək “ASAN Məktub”un əsas qayəsidir. Əsasən uşaq evləri, sığınacaqlar, aztəminatlı ailələr, eləcə də, ucqar kəndlərdə yaşayan uşaqlar üçün nəzərdə tutulan layihə asanmektub.az saytı üzərindən fəaliyyət göstərir.
Üç il əvvəl layihəyə başlayanda “ASAN könüllüləri” cəmi 140 uşağın məktubunu cavablandırıb. İndi isə bu rəqəm üç mini ötüb. İşin ən əsas hissəsi “əlçatan arzuları sən gerçəkləşdir” devizi altında uşaqları axtarıb tapmaq, onların məktublarını toplayıb, sayta yerləşdirməkdir. Növbəti mərhələ bu istəkləri həyata keçirməkdir.
Layihədə iştirak edən “ASAN Könüllüləri”nin də əməyi böyükdür. Hətta bəzən iş o qədər çox olur ki, gecələr də çalışmalı olurlar. Könüllülər deyirlər ki, uşaqlar öz məktublarında müxtəlif həddiyyələr istəyirlər. Ən təsirli məktub şəhid övladının atasını geri istəməsi olub. Amma iş prosesi nə qədər gərgin olsa da, hədiyyələri alan uşaqların üzündəki təbəssümü görmək bütün yorğunluğu aradan qaldırır.
Sosial layihədə təmənnasız iştirak edən və uşağa ehtiyacı olan əşyanı alan hər bir kəs yekun nəticəni izləyə bilir. Hədiyyələrin uşaqlara çatdırıldığını sübut edən fotoşəkillər email və ya digər əlaqə vasitələrilə həmin şəxslərə göndərilir. Uşaqlara İsrail, Türkiyə, Almaniya, Rusiyada yaşayan soydaşlarımız da hədiyyə göndərib. Hazırda 100-dən çox ölkədən “ASAN Məktub” saytına baxış var. Bu səbəbdən saytın rus və ingilis dili versiyası da yaradılıb ki, xaricdən bura daxil olan əcnəbilər də aksiyaya qoşula bilsinlər.


Create Account



Log In Your Account