“Sahibkarlara Xidmət” və “Biznes İnkubasiya" mərkəzləri vətəndaş və sahibkar məmnunluğunun artırılmasına imkan verəcək. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun nəzdində fəaliyyət göstərən mərkəz iş adamlarının müxtəlif məsələlərlə bağlı müraciətlərini operativ şəkildə cavablandırır. Sahibkarlar həm müasir informasiya-kommunikasiya imkanlarından yararlanmaqla, həm də fərdi şəkildə müraciət etməklə mərkəzin xidmətindən istifadə edə bilər. Mərkəz eyni zamanda sahibkarlara güzəştli kreditlərin verilməsində də dəstək göstərir.
Aprelin 2-dən fəaliyyət göstərən Sahibkarlara Xidmət Mərkəzinə 200-ə yaxın telefon müraciəti daxil olub. Eyni zamanda, 300 dən artıq sahibkar fərdi şəkildə qəbul edilib.
“Sahibkarlara Xidmət Mərkəzi” ilə yanaşı “Biznes İnkubasiya Mərkəzi” də startapçılar üçün geniş imkanlar yaradır. Artıq 23 startap layihəsinin müraciəti qəbul edilib və onlardan 11- i dəstəklənib.