Feb 22 2019 14:15
Views: 575

“Azərsu” ASC-nin sifarişi ilə “Şəmkirçay” su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğu tikilir. Kompleksdə hər birinin tutumu 2500 kubmetr olan 3 su anbarı, anbarların idarəetmə otağı, xlorator qurğusu, elektrik yarımstansiyası inşa edilib, ehtiyat generator alınaraq ərazidə quraşdırılıb.

İndi qurğuda emal avadanlıqlarının quraşdırılması üzrə işlər aparılır. Qurğunun su təminatı “Şəmkirçay” su anbarından ayrılan suvarma kanalı hesabına aparılacaq və artıq kanaldan suyun götürülməsi üçün lazımi xətlər tikilib. Burada suyun təmizlənməsi və anbara ötürülməsi proseslərinə SCADA sistemi vasitəsilə nəzarət olunacaq.

Yeni yaradılan mənbə hesabına Gəncə, Şəmkir və Samux şəhəri və ətraf kəndlərin 300 mindən artıq sakini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq. Şəmkirçay təmizləyici qurğularının imkanlarından yararlanaraq gələcəkdə bölgənin digər yaşayış məntəqlərinin su təminatında istifadə olunması da nəzərdə tutulur.

Qeyd edək ki, Şəmkirçay su anbarının ehtiyatının daxili mənbələr hesabına formalaşması ölkənin su təhlükəsizliyi üçün önəmlidir.  Ümumi su tutumu 165 milyon kubmetr olan anbarın potensial ehtiyatı dayanıqlı içməli su təchizatı baxımından mühüm əhəmiyyət daşıyır.


Create Account



Log In Your Account