Feb 04 2019 14:08
Views: 745

Prezidentin fərmanı ilə birdəfəlik ödəniş alacaq şəhid polis ailələrindən biri də Kərimovlardır. Soltan Kərimov 1992-ci ildə Xocalı hadisələri zamanı vətən borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub. O zaman 23 yaşı olan Soltan Kərimov polis işləyirmiş. Qiymət xanım üçün bu gün də Xocalıda olanlar haqqında danışmaq ağrılıdır. O çətin günlərdə şəhidin həyat  yoldaşının yeganə ümidi isə atasının üzünü belə görməyən oğlu olub. Çünki Xocalı soyqırımı onun təkcə həyat yoldaşını deyil, çoxsaylı yaxınlarını əlindən alıb. 

Qiymət xanım deyir ki, atasını özünə örnək görən oğlu da onun yolunu davam etdirərək polis olub.  Hər zaman dövlətin qayğısını hiss etdiyini deyən şəhid xanımı birdəfəlik ödənişin onların ailəsinə də şamil olunacağına inanırmış.

Son məlumata görə, indiyədək 3758 şəhidin  vərəsələrinə 11 min manatlıq  birdəfəlik ödənişinin verilməsinə dair qərar qəbul olunub. 3100 şəhidin yaxınlarına artıq ödəniş edilib.

Şəhid hərbi qulluqçu Vahid Məmmədovun ailəsi də artıq birdəfəlik ödəməni alıb. Vahid Məmmədov 1994-cü ildə Füzulidə vəzifə borcunu yerinə yetirərkən həlak olub. Uzun illər hərbi komisar olan Vahid Məmmədov xidmətlərinə görə leytenant-polkovnik rütbəsinədək yüksəlib. Şüküfə İsmayılova həyat yoldaşını təəssübkeş, qanunpərəst, ən əsası vətənini sevən əsl vətənpərvər kimi xatırlayır. Deyir ki, şəhidin 3 oğlu da atalarının yolunu davam etdirərək hərbçi olub, vətənin keşiyində durmağı özlərinə peşə seçiblər. Elə ona görə də, ötən ilin sonunda aldığı 11 min manatlıq birdəfəlik ödəniş övladları arasında ədalətlə bölüb.

Qeyd edək ki, prezident İlham Əliyevin yanvarın 28-də imzaladığı yeni fərmanla birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə daha əvvəl köhnə məzənnə ilə müavinət almış şəhid yaxınları da əlavə olunub. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-ə çatıb. Bunun üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

 


Create Account



Log In Your Account