Feb 04 2019 18:15
Views: 507

Bu gün Dünya Xərçənglə Mübarizə Günüdür. Xərçəng nə qədər təhlükəli olsa da, xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir. 45 yaşlı teleaparıcı Zülfiyyə Bayramova 9 aylıq mübarizədən sonra xərçəngə qalib gəlib. Ötən ilin əvvəlində kürək nayihəsində kiçik narahatlıq səbəbilə həkimə müraciəti nəticəsində mədəsində kütlə olduğunu öyrənib. Çoxsaylı analizlər nəticəsində Zülfiyyə xanıma həm Azərbaycanda, həm də Türkiyədə mədə xərçəngi diaqnozu qoyulub. Xanım aparıcı tezliklə əməliyyat olunub, mədəsinin böyük hissəsi götürülüb. Xərçəngin xain xəstəlik olduğunu deyən Zülfiyyə xanım bildirir ki, bu mübarizədən inamının hesabına qalib çıxıb.

Müalicə müddətində ailəsinin və yaxınlarının dəstəyi ona böyük güc verib. Pozitiv əhval-ruhiyyədə olan aparıcı neqativ fikirli insanlardan uzaq gəzib. Milli Onkologiya Mərkəzində aldığı müalicə dövründə öz sevimli peşəsindən uzaq qalmayan Zülfiyyə xanım bundan stimul alaraq mübarizəsini daha əzmlə davam etdirib. Xərçənglə mübarizə onun təkcə görkəmi deyil, daxili aləmini də dəyişib.  Buna bir az da həkimlərin stressdən uzaq olmaqla bağlı tövsiyyəsi rəvac verib.

Azərbaycanla paralel Türkiyədə də müayinə olunduğunu deyən qəhrəmanım ölkəmizdə xərçəngin müayinəsi və müalicəsi ilə məşğul olan peşəkar həkimlərin və dövlət müəssisəsinin olduğunu deyir. O, müalicə üçün Azərbaycanı seçməsini də bununla izah edir.

Bu gün Azərbaycanda Milli Onkoloji Mərkəzilə yanaşı, Uşaq Onkologiya Mərkəzi, bədxassəli şişlərinin molekulyar diaqnostikası kimi laboratoriyalar fəaliyyət göstərir. Eyni zamanda 2016-cı ilin aprelində Milli Onkologiya Mərkəzinin nəzdində regionda yeganə olan Nüvə Tibb Mərkəzi açılıb. 

2017-ci ilin rəsmi statistikasına əsasən, Azərbaycanda 45756 onkoloji xəstə qeydiyyatdadır ki, onların da 17525 nəfəri 5 ildən yuxarı yaşıyanlar təşkil edir.

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Dünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir. Həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır. 2019-2021 illərdə Dünya Xərçəngə Qarşı Mübarizə Günü "Mən varam və olacağam" şüarı altında keçirilir.


Create Account



Log In Your Account