Jan 18 2021 18:56
Views: 197

Vətən müharibəsi qəhrəmanları üçün təsis edilən təqaüdlərin ödənilməsinə artıq ilin əvvəlindən start verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov açıqlama verib. Nazir müavini qeyd edib ki, 2021-ci ilin əsas sosial hədəfləri Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərimizin sosial dəstəklə, yaralanmış hərbçilərin tibbi-sosial reabilitasiya xidmətləri, müasir protezlərlə təmin olunmasıdır. Anar Kərimov qeyd edib ki, 2020-ci ildə Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt və Göygöldə müasir reabilitasiya və sosial xidmət müəssisələri açılıb. Yaxın aylarda daha bir neçə belə müəssisənin də açılacağı gözlənilir. Eyni zamanda, yaralanmış hərbçilərimizə son bir bir ayda 530 reabilitasiya vasitəsi verilib, həmçinin 6 qazi yüksək texnologiyalı 8 protezlə təmin olunub. Nazir müavini qeyd edib ki, həm I, həm də II Qarabağ müharibəsində şəhid olan şəxslərin ailələrinin mənzillə təmin edilməsi üçün bu ay ərzində konkret proqramlar qəbul ediləcək . Son bir ildə daha 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzil və fərdi evlə, 400 müharibə əlilinin avtomobillə təmin edildiyini xatırladan nazir müavini keçmiş köçkünlər üçün tikilmiş mənzillərin şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Nazirliyin balansına verilməsi prosesinin bitməkdə olduğunu bildirib. Nazirliyin 2021-ci il üçün hədəfləri sırasına post-müharibə dövrü üzrə sosial dəstək tədbirlərinin daha da genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun qurulmasına başlanması, reabilitasiya və sosial xidmət mərkəzlərinin yaradılması, Nazirlik üzrə elekton xidmətlərin sayının 61-dən 100-ə çatdırılması daxildir.


Create Account



Log In Your Account