May 21 2019 14:21
Views: 184

Prezident İlham Əliyevin  çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi ilə bağli sərəncamına uyğun olaraq ölkə ərazisində qeydiyyatda olan 451 yaşayış obyektində aparılan müayinələr başa çatıb. Bunu Fövqəladə Hallar Nazirliyinin  Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib. Yoxlamaları Fövqəladə Hallar Nazirliyinin  Tikintidə Təhlükəsizliyə Nəzarəti Dövlət Agentliyi, Dövlət Yanğın Nəzarəti Xidməti və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nümayəndələri aparıb. Müayinələrdə eyni zamanda Azərbaycanda bütün obyektlərin mühəndis təminatı ilə məşğul olan dövlət şirkətləri, o cümlədən “Azərişıq”, “Azərsu” və “Azəriqaz” da iştirak edib. Artıq 30-dan çox binanın istismarına icazə verilməsi ilə üçün müvafiq dövlət qurumlarına sənədlər təqdim olunub. Yaxın müddətdə bu rəqəmin artırılması nəzərdə tutulub.

Bu günədək Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində yaradılan xüsusi qərargaha 270-dən artıq binanın nümayəndələri müraciət edib. Qərargahda aidiyyatı qurumların nümayəndələri  vətəndaşlara xidmət göstərməyə davam edir. Eyni zamanda indiyədək yoxlamalar aparılan və qüsur aşkarlanan bina sahiblərinə obyektin qeydiyyata alınması üçün mövcud olan çatışmazlıqları aradan qaldırmaq üçün zaman verilib. Bu məsələ sərəncamın icrasının 2-ci mərhələsində nəzərdə tutulduğu kimi 5 aylıq bir müddəti əhatə edir.  Elxan Əsədovun sözlərinə görə, sənədləşmə işlərini vaxtında aparmayan bina sahiblərinə qarşı tədbirlər görüləcək.  Bu çatışmazlıqlar əsasən layihədən kənarlaşma, yanğın nöqteyi nəzərindən tələblərə cavab verilməməsidir.

Çoxmənzilli binaların istismarına icazə verildikdən sonra əmlakın qeydiyyata alınması və çıxarışların verilməsi məsələsi aktuallaşır. Əmlak Məsələləri Dövlət Komitəsi icazə sənədləri elektron şəkildə daxil olduqca vətəndaşlara çıxarışların verilməsi məqsədilə ilkin  sənədlərin toplanılmasını həyata keçirir.  vətəndaşların şəxsi müraciətləri də nəzərə alınaraq belə binalarda sosial kampaniyalar həyata keçirilir. Vətəndaşların sənədlərinin qəbulu məqsədilə həmin binalarda səyyar mobil qeydiyyat xidmətləri təklif olunur. 

Komitədən verilən məlıumata görə, indiyədək Bakının Xətai, Yasamal, Nərimanov, Binəqədi, Sabunçu rayonlarında vətəndaşlara mobil qeydiyyat xidmətləri göstərilib. Mənzil-tikinti kooperativləri ilə birgə maarifləndirmə işləri aparılır. “Əmlakına sahib ol” və “Mülkiyyətini qeydiyyata al” adlı sosial kampaniyalarda vətəndaşlardan ilkin sənədlər toplanılır. Bunun üçün MTK ilə bağlanmış müqavilədən çıxarış, maliyyə arayışı və şəxsiyyət vəsiqəsini təqdim etməklə dövlət rüsumunu ödəmək kifayət edir    


Create Account



Log In Your Account