Nov 06 2019 17:15
Views: 217

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunda iştirak etmək məqsədilə ABŞ-da səfərdədir. Nazir İnam Kərimovun rəhbərlik etdiyi heyət səfər çərçivəsində Vaşinqtonda işgüzar görüşlər keçirib. Dünya Bankının regional icraçı direktoru Verner Qruber və Beynəlxalq Maliyyə Korporasiyasının Kənd Təsərrüfatı Əməliyyatları üzrə regional direktoru Tomas Telma ilə keçirilən görüşlərdə Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, kənd təsərrüfatı sektorunda aparılan islahatlar, həyata keçirilən innovativ layihələr barədə məlumat verilib. Aqrar islahatların əsas məqsədinin ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi olduğu bildirilib. Qeyd olunub ki, torpaq və su ehtiyatlarından daha səmərəli istifadə edilməsi vacibdir və dövlət bu sahədə dünyada tətbiq olunan müasir texnologiyaların ölkəmizə gətirilməsini təşviq edir. 
Nümayəndə heyəti  ABŞ Prezidentinin İcra Aparatının kənd təsərrüfatı üzrə müşaviri Gregg Doud, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəsmisi Brok Bierman, ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlıq komissiyasının həmsədri Peter Xaas ilə də görüşüb. Görüşlərdə Azərbaycan-ABŞ əməkdaşlığı, ölkə istiqadiyyatında, o cümlədən qeyri-neft sektorunda inkişaf tendensiyaları, əldə olunan nailiyyətlər müzakirə olunub. Görüş iştirakçıları iki ölkə arasında aqrar sahədə tərəfdaşlığın ikitərəfli münasibətlərdə inkişaf etdirilməli vacib istiqamətlərdən biri olduğunu bildirib, bu cür dialoqların əməkdaşlığı daha da genişləndirmək üçün gözəl imkanlar yaratdığını qeyd ediblər.
 Qeyd edək ki, bu gün Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək. Bu, 2019-cu ildə ABŞ və Azərbaycanın kənd təsərrüfatı istehsalçılarını bir araya gətirən sayca ikinci forumdur. Apreldə Çikaqoda keçirilən foruma İllinoys ştatının 33 şirkəti və Azərbaycanın 14 şirkəti qatılıb.


Create Account



Log In Your Account