Dec 11 2018 15:38
Views: 334

Rəsmi Vaşinqton və Tramp administrasiyası Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi layihəsini yüksək səviyyədə dəstəkləyir. Bu, Avropaya alternativ qaz mənbəyi kimi önəmli layihədir. Bunu CBC-nin Vaşinqton bürosuna müsahibəsində ABŞ dövlət katibinin köməkçisi Sandra Ourkirk deyib. Bildirib ki, Trans-Anadolu  boru kəməri vasitəsilə Türkiyənin təbii qaz idxalı həm bu ölkə, həm də Azərbaycan və Avropa üçün faydalı olacaq. TANAP Türkiyənin və Avropanın enerji təhlükəsizliyi üçün çox güclü əlavə müsbət elementdir.

Diplomat qeyd edib ki, 40 milyard dollarlıq Cənub Qaz Dəhlizini bir neçə ABŞ administrasiyası davamlı şəkildə dəstəkləyib və Amerikanın layihəyə birbaşa sərmayə qoymamasına baxmayaraq bu gün də dəstək davam edir. Türkiyənin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatındakı sabiq səfiri, 90-cı illərdə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı danışıqların iştirakçısı olmuş Mithat Rende hesab edir ki, bu tipli layihələr güclü siyasi iradə olmadan mümkün deyil. Məhz bu siyasi iradə və dəstək sayəsində Cənub Qaz Dəhlizinin bütün hissələrində irəliləyiş var.

Azərbaycan qazının Avropaya Türkiyə üzərindən nəqli Vaşinqtonda Atlantik Şurasında keçirilən müzakirələrdə diqqət mərkəzində olub. 

Tanınmış amerikalı analitiklər çıxışlarında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı TANAP kəmərinin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, ABŞ bu layihələrə dəstək verməkdə davam edəcək.


Create Account



Log In Your Account