Oct 17 2018 18:28
Views: 360

“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana güzəştə getməli olacaq". ABŞ-ın Yerevandakı səfiri Riçard Mills jurnalistlərə açıqlamasında belə deyib. Səfir bildirib ki, ermənilərin əksəriyyəti işğal olunmuş ərazilərin danışıqlar prosesinin bir hissəsi kimi qaytarılmasına qarşı çıxır. “Bu da təəccüblüdür. Təəccüblüdür ki,  Ermənistanda mümkün kompromislər barədə müzakirələr yoxdur", Amma reallıq belədir ki, istənilən həll yolu işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılmasını tələb edəcək" - deyə amerikalı diplomat qeyd edib.
Səfirin bu açıqlaması Ermənistanda bomba effekti yaradıb. Nikol Paşinyan da səfirin bəyanatından narazılığını gizlətməyib. O deyib ki, səfirin sözlərinə “gedən ayaqda söylənmiş fikirlər” kimi yanaşmaq lazımdır. Millət vəkili Elman Nəsirov bu açıqlamanın Ermənistanda rezonans doğumasını normal sayır.
“Birləşmiş Ştatların Ermənistandankı səfirinin dilindən bu sözlərin çıxması, bu fikirlərin həm də Ermənistanda səslənməsinin çox böyük siyasi əhəmiyyəti var. Məlum olur ki, dünyanın fövqəl dövlətinin rəhbəri öz səfiri vasitəsilə erməni ictimaiyyətinə və bütün dünyaya bəyan edir ki, münaqişənin həllinin ərazi bütövlüyünə alternativ variantı yoxdur. Azərbaycanın işğal altında olan torpaqları geri qaytarılmalıdır. Eyni zamanda, ümid bəsləyir ki, Ermənistanın yeni rəhbərliyi bu istiqamətdə konsrtruktiv addımlar atacaq”.
Elman Nəsirov hesab edir ki, Amerika səfirinin bu mövqeyi danışıqların növbəti mərhələsi üçün mühüm məqamdır. Bu, perspektiv danışıqlar prosesində Azərbaycanın mövqelərini gücləndirən amildir, həm də presedent xarakteri daşıyır. Çünki ATƏT-in Minsk qrupu həmsədrlərindən biri belə mövqe ortaya qoyursa, demək Rusiya və Fransa kimi həmsədrlər də eyni mövqedən çıxış etməlidir.  Millət vəkili hesab edir ki, Frankofoniya təşkilatının 17-ci zirvə görüşünün qətnaməsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bənd bu sənədə Ermənistanın təzyiqi ilə salınıb.  Paşinyanın danışıqlarla bağlı mövqeyi isə parlament seçkilərinə hesablanıb. Siyasi oyunbazlıq edən Paşinyan erməni xalqına özünün cəsarətli siyasətçi obrazını təqdim etməyə çalışır.
“Amma Paşinyan çox gözəl dərk edir ki, bilir ki, bu yanaşma olduğu qədər danışıqlar alınmayacaq. Danışıqlar alınmasa bu durum nə qədər davam edəcək? Bunun alternativi yalnız müharibədir. Bəs inqilabdan çıxmış, siyasi böhran içində olan Ermənistan müharibəyə hazırdırmı? Qətiyyən. Bu, hər kəsə bəllidir. Biz Paşinyanın əsl real mövqeyini parlament seçkilərindən sonra biləcəyik. Bu bəyanatlar isə daxili auditoriyaya hesablanmış bəyanatlardır”.
Ekspertlər bidirir ki, münaqişəni Frankofoniya təşkilatı həll etmir. Münaqişənin tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bu qrupun həmsədrlərindən birinin də mövqeyi bəllidir. Əgər Ermənistan rəhbərliyi danışıqları pozmaqla bağlı mövqeyində davamlı şəkildə israr etsə, bu, müharibə deməkdir. Bu, aprel döyüşlərinin daha mürəkkəb ssenari üzrə təkrarı və Ermənistana növbətə ağır zərbə deməkdir.
Xatırladaq ki, Azərbaycanın Xarici İşlər  Nazirliyi Frankafoniya təşkilatının qətnaməsinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müddəaların salınmasına münasibət  bildirib. Nazirlik bəyan edib ki, Ermənistanın Frankofoniya təşkilatının gündəliyini siyasiləşdirmək cəhdləri bu ölkənin öz işğalçı və təcavüzkar siyasətini ört-basdır etmək və ATƏT-in Mİnsk Qrupu həmsədrlərinin, o cümlədən təşkilatın təşəbbüskarı olan Fransanın münaqişənin sülh yolu ilə tənzimlənməsi səylərinə xələl yetirmək niyyətini göstərir. Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalı, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. 
Azərbaycanın problemi həll etmək üçün kifayət qəfər böyük imkanları var. İki il əvvəl aprel hadisələri göstərdi ki, Azərbaycan problemin həllini yalnız danışıqlarda görmür. Yeni hakimiyyət də bundan ciddi nəticə çıxarmalıdır.


Create Account



Log In Your Account