Feb 23 2019 17:57
Views: 609

ABŞ-ın Kaliforniya ştatında Xocalı faciəsinin dəhşətlərindən bəhs edən “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filmi bir sıra yerli ictimai kanallarda nümayiş etdirilir. Bu film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir və 2017-ci ildə Los Ancelesdə amerikalı kinematoqraflar tərəfindən istehsal olunub. Əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Filmdə eyni zamanda Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır. Sənədli filmin nümayişi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi, Şimali Kaliforniyada yaşayan soydaşımız Zərifə Musayevanın təşkilatçılığı ilə həyata keçirilir. Film Şimali Kaliforniyanın San Fransisko, San Xose, Kampbel, Mauntin Vyu, Los Altos, Palo Alto, Menlo Park, Aterton və digər şəhərlərindəki yerli ictimai kanallarda nümayiş etdirilir və bi il ərzində nümayişi davam edəcək.

Azərbaycanın Qazaxıstandakı səfirliyində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib, Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Xocalıya ədalət!” sənədli filmi nümayiş etdirilib. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, Avropa ölkələri 22 fevralı cinayət qurbanları günü kimi qeyd edirlər. Soyqırımı insanlığa qarşı törədilən ən ağır cinayət növüdür və dünya ictimaiyyətindən xüsusi diqqət tələb edir. Odur ki, "Xocalıya ədalət!" kampaniyası bütün dünyaya Xocalı hadisələrinə ədalətli hüquqi qiymət verməyə çağırır. Tədbirdə Xocalı soyqırımını əks etdirən fotosərgi nümayiş olunub. Həmçinin Xocalıya həsr edilən “Fevral ildırımı” adlı video klipin təqdimatı olub. Bu layihə terrorizmə, ekstremizmə, soyqırımına qarşı insanları xəbərdar etmək üçün bir çağırışdır. Mahnının yazılmasında əsas məqsəd xalqın diqqətini cəlb etmək, gənc nəsildə tolerantlıq, millətlərarası münasibətlərin harmoniyasını təşviq etmək və yaddaşlara həkk etməkdir.


Create Account



Log In Your Account