Nov 01 2017 15:55
Views: 1737

Ağdamın “Qarabağ”  futbol klubu səfərdə ilk xalını qazanıb. Cempionlar  liqasının qrup mərhələsinin dördüncü turunun “C” qrupunda yer alan  “Qarabağ” Madridin Metropolitano stadionunda “Atletiko” ilə heç-heçə oynayıb - 1:1. Oyunu türk əsilli almaniyalı hakim Dəniz Aytəkin idarə edib. Qarşılaşma hər iki tərəfin sürətli hücumları ilə başlayıb. “Qarabağ” ilk təhlükəli vəziyyəti matçın 11-ci dəqiqəsində yaradıb.
Ev sahibləri də bir neçə təhlükəli  vəziyyətlə qapımıza  yol tapmaq istəsə də buna nail olmayıb. Hesabı qarşılşmanin 40-cı dəqiqəsində “Qarabağ” komandası açıb. Künc zərbəsindən ötürülən topa başla dəqiq zərbə endirən Miçel komandasını hesabda irəli çıxarıb – 1:0.
Oyunun ilk hissəsi “Qarabağ” klubunun minimal hesablı üstünlüyü ilə başa çatıb. Ev sahibləri ikinci hissəyə sürətli hücumlarla başlayıblar və ardıcıl təhlükəli vəziyyətlər yaradıblar. Hesabı bərabərləşdirmək üçün təzyiqi artıran “Atletiko” futbolçuları 56-cı dəqiqədə istəklərinə çatıblar. Tomas Parte qüvvətli zərbə ilə topu doqquzluğa göndərərək hesabı bərabərləşdirib – 1:1.
Görüşün 58-ci dəqiqəsində isə Pedro Enrikenin qırmızı vərəqə alması ilə meydanda azlıqda qalan “Qarabağ” “Atletiko” futbolçularının ardıcıl hücumları qarşısında qapısının toxunulmazlığını saxlayaraq hesabı qorumağı bacarıb. Beləliklə, səfərdə 1:1 hesablı sərfəli nəticəyə nail olan Ağdam təmsilçisi Bakıda olduğu kimi, səfərdə də “Atletiko” komandasından 1 xal almağı bacarıb. UEFA-nın rəsmi saytına istinadən verilən məlumata görə, oyununun ən yaxşı futbolçusu "Qarabağ"ın yarımmüdafiəçisi Miçel seçilib.
“Futbolçularımla fəxr edirəm” – Oyunundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov beləd deyib. Baş məşqçi qarşılaşmanın çox çətin keçdiyini deyib.
Atletiko komandasının baş məşqçisi Dieqo Simeone son oyunlarda bəxtin komandasından üz döndərdiyini vurğulayıb. Rəqib komandanın baş mışqçisi “Qarabağ”ın əla oyun göstərdiyini deyib.
Qeyd edək ki, dörd turdan sonra “C” qrupunda 8 xalla “Roma” komandası liderlik edir. “Çelsi” 7 xalla ikinci, “Atletiko” isə 3 xalla üçüncüdür. “Qarabağ” komandasının aktivində iki xal var. Ağdam təmsilçisi qrup mərhələsinin beşinci turunda - noyabrın 22-də Bakıda “Çelsi”ni qəbul edəcək. “Qarabağ” dekabrın 5-də keçiriləcək sonuncu görüşdə “Roma”nın qonağı olacaq.
“Qarabağ”ın 19 yaşlıları isə UEFA Gənclər Liqasında Madridin “Atletiko” komandasına qalib gəlib. Gənc futbolçularımız rəqib meydanında Madrid təmsilçisini minimal hesabla məğlub edib. Qarşılaşmanın 45-ci dəqiqəsində Yaroslav Dedanın vurduğu qol matçda yeganə olub.


Create Account



Log In Your Account