Dec 28 2018 16:23
Views: 504

Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdam rayonu istiqamətində törətdiyi təxribat nəticəsində bir dinc sakin yaralanıb. Erməni hərbçiləri Ağdam rayonunun işğal altında olan ərazilərindən üzbəüz mövqedə yerləşən Mirəşelli kəndini atəşə tutublar. Nəticədə Bakıdan rayona yaxınlarının məzarını ziyarət etməyə gedən rayonun Baş Qərvənd kənd sakini, 73 yaşlı Dilşad Allahverdiyeva qulağından güllə yarası alıb.

Kənd sakinlərinin bildirdiyinə görə, Ermənistan hərbçiləri mütəmadi olaraq kənd qəbristanlığını atəşə tutur. İnsanlar öz yaxınlarının məzarlarını ziyarət edə bilmir. Hətta məzar daşları belə atəşə tutulur.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi də baş verən təxribatı pisləyib. Birliyin sədri Tural Gəncəliyev bildirib ki, ermənilərin bu kimi əməlləri münaqişənin həlli istiqamətində danışıqlara zərbə vurur.

Ermənistan tərəfi bu təxribatından diqqəti yayındırmaq üçün həqiqətə uyğun olmayan məlumatlar yayır.  Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbəri yalan olduğunu bildirib. Qeyd olunur ki, bu, Ermənistan tərəfinin öz ordusundakı baş verən xaos, intizamsızlıq və özbaşınalıq hallarını gizlətmək, o cümlədən cəbhənin Ağdam rayonu istiqamətində mülki vətəndaşlarımızı atəşə tutmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış ucuz təbliğatıdır. Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib və bölmələrimiz əməliyyat şəraitinə nəzarət edir.


Create Account



Log In Your Account