Feb 15 2019 17:17
Views: 376

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli alim, akademik Arif Paşayevin 85 illiyi münasibətilə “Akademik Arif Paşayev” adlı kitab sərgisi açılıb. Sərgidə akademikin Azərbaycan və digər dillərdə çap edilmiş monoqrafiyaları, dərs vəsaitləri, elmi məqalələri, müəlliflik şəhadətnamələri və ixtira patentləri haqqında yazılar, həmçinin elmi, pedaqoji, ictimai fəaliyyəti haqqında 300-dən artıq ədəbiyyat nümayiş edilir.

Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki,  Azərbaycanda fizika, texnika və aerokosmika elminin inkişafında müstəsna rol oynamış Arif Paşayev 30-dan artıq kitab və monoqrafiyanın, 400-dən çox elmi əsərin müəllifidir.Akademikin elmi fəaliyyəti ölkə xaricində də yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti seçilib.  Akademik eyni zamanda aviasiya sahəsində kadrların hazırlanmasında böyük rol oynayıb.

Arif Paşayev 1934-cü il fevralın 15-də Bakıda görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin ailəsində dünyaya gəlib.  O, Odessa Elektrotexniki Rabitə İnstitutunda ali təhsil alıb, əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetində laborant vəzifəsində başlayıb. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışıb. 1966-cı ildə texnika elmləri namizədi, 1978-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. O, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular yaradıb seriya ilə istehsala buraxıb. Alim 60-dan çox ixtira üçün müəlliflik şəhadətnaməsi alıb.

Arif Paşayev 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Fizika sahəsində əldə etdiyi nailiyyətlərinə görə Arif Paşayev 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.


Create Account



Log In Your Account