Apr 19 2018 14:28
Views: 407

Keçmiş prezident Serj Sarkisyanın baş nazir təyinatından sonra paytaxt Yerevanı bürüyən etiraz aksiyalarının miqyası genişlənir. Bu gün səhərdən nümayişçilər bəzi dövlət binalarının, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyi, eləcə də Təhsil və Elm nazirlikləri yerləşən binanın önünə toplaşıblar. Onlar dövlət idarə və müəssisələrinin işini təcrid etmək istəyirlər. Müxalif millət vəkili Nikol Paşinyan tərəfdarlarını idarələrin girişlərini bağlmağa, işçiləri "məxməri inqilaba" qoşulmağa çağırıb.

Yerevanda gecə 10 minlərlə insanın iştirakı ilə keçirilən mitinqdə Serj Sarkisyanın baş nazir vəzifəsində ilk hökumət iclasının işini əngəlləməklə bağlı qərar qəbul edilib. Səhər SAAT 8-dən nümayişçilər Respublika meydanında hökumət binası önünə toplaşıblar. Baş verə biləcək insidentlərin qarşısını almaq üçün əraziyə çox sayda xüsusi təyinatlı polis dəstələri cəlb edilib.

Paytaxt polisi onlarla gənci həbs edib. Yerevanda Serj Sarkisyanın baş nazir təyinatına etiraz əlaməti olaraq keçirilən aksiyalardə saxlanılanların sayı 91-ə çatıb. Polis aksiyaları xüsusi amansızlıqla dağıtmaqdan çəkinmir. Nümayişçilərə qarşı güc tətbiq edilir.

Serj Sarkisyanın baş nazir vəzifəsinə seçilməsinə qarşı etiraz aksiyaları təkcə Ermənistanı əhatə etmir. Dünyada yaşayan ermənilər də bu təyinata etiraz edirlər. Amerika Birləşmiş Ştatları və Fransanın müxtəlif şəhərlərində keçirilən aksiyalarda “Addım at, Serji rədd elə” kimi şüarlar səsləndirilib. Aksiya iştirakçıları Serj Sarkisyanın portretini də yandırıblar.

Ermənistandakı gərginlik Amerika Birləşmiş Ştatlarının da diqqətindən yayınmayıb. Dövlət Departamenti bəyanat yayaraq hökumət orqanlarını nümayişçilərə maneə törətməməyə, hər hansı təxribatdan və ya zorakılıqdan  çəkinməyə çağırıb.


Create Account



Log In Your Account