May 09 2019 16:19
Views: 370

“Yolum keçir Qarabağdan”...Bu rəsmləri kətan üzərinə köçürənlərin yolu Qarabağdan düşməsə də, bu və ya digər şəkildə Azərbaycana bağlıdırlar. Bəzilərinin valideynləri vaxtilə Azərbaycanda yaşasa da, əksəriyyəti Azərbaycanı görməyib. Müəllimlərindən və sosial şəbəkələrdən Qarabağ və onun acı taleyi haqqında məlumat toplayan bu gənclər qəlblərindən keçəni kağız və kətan üzərində təsvir edib. Sərgi Bakı Book Center və Nyu York şəhərindəki “My Way” Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin müştərək təşkilatçılığı çərçivəsində ərsəyə gəlib. Əsas məqsəd Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu amerikalı uşaqlara çatdırmaq və Azərbaycan həqiqətlərini təbliğ etməkdir. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, ictimai xadimlər, ziyayılar, rəssamlar iştirak edib.

Sərginin Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın qəlbi sayılan Şuşa şəhərinin işğal olunmasının 27 ildönümündə keçirilməsi təsadüfi deyil. “Şərqin konservatoriyası” adlandırılan Şuşa Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib, onun təbiətinə də ciddi ziyan vurulub.

3 ay ərzində 12-18 yaşlı gənclərin təsvir etdiyi bu rəsm əsərlərinin kataloqu da hazırlanıb. Azərbaycan və ingilis dillərində çap olunan kataloqda bütün rəsmlər barədə məlumat yer alıb. Bakı Book Centerdə keçirilən sərgi çərçivəsində kataloqun da təqdimatı keçirilib. “Simurq” uşaq musiqi festivalının gənc və istedadlı qalibləri və laureatları konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın görkəmli bəstəkarlarının klassik musiqiləri, xalq mahnıları səsləndirilib.

Sərginin digər ölkələrdə də keçirilməsi planlaşdırılır. Təşkilatçılar inanır ki, çox yaxında bütün bu rəsmlər Azərbaycanın ayrılmaz parçası olan Qarabağda və onun çırpınan ürəyi Şuşada da düzənlənəcək.


Create Account



Log In Your Account