Jul 18 2019 14:30
Views: 597

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin fəaliyyətinin 21 ili tamam olur. Agentlik 1998-ci il 18 iyul tarixində Prezident sərəncamına əsasən yaradılıb.

Fəaliyyət göstərdiyi 21 il ərzində ANAMA artıq brendə çevrilib. ANAMA-nın əməkdaşları nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da fəaliyyət göstərir, öz işlərində yüksək peşəkarlıq nümayiş etdirirlər. 21 il əvvəl yarananda ANAMA qarşısında əsas hədəf Azərbaycan ərazilərinin əhali üçün təhlükəsiz hala gətirilməsi ilə bağlı idi.

Bu illər ərzində ANAMA üzərinə qoyulan missiyanı yüksək səviyyədə yerinə yetirib, cəbhəboyu bölgələrdə qaçqın və məcburi köçkünlər üçün tikilən şəhərciklərin ərazisini təmizləyib. Hətta həmin ərazilərdə əhalinin kənd təsərrüfatı ilə məşğul olması üçün həmin qəsəbələrin ətrafındakı əraziləri də mina və partlamamış hərbi sursatlardan təmizləyib. Bu ilin ilk altı ayına olan statistikaya görə, ümumilikdə 535 min kvadrat metrə yaxın ərazi təmizlənib, 804 min 700-ə yaxın mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.  ANAMA minatəmizləmə əməliyyatı ilə yanaşı, həmin bölgələrdə maarifləndirmənin həyata keçirilməsinə də böyük önəm verir.

ANAMA-nın fəaliyyətinin bir istiqamətini də beynəlxalq təşkilatlarla əməkdaşlıq təşkil edir. İndiyədək müxtəlif beynəlxalq qurumlarla birgə layihələr, təlimlər keçirilib. Artıq ANAMA əməkdaşları özləri xarici ölkələrdə təlim keçirlər. Agentlik minaaxtaranları qonşu Gürcüstan, Türkiyə və digər bölgələrdə uğurlu əməliyyatlar icra ediblər.

Artıq öz xidmətlərini ixrac edən ANAMA-nın əsas hədəflərindən biri işğaldan azad ediləcək torpaqlarımızın təmizlənməsi, Böyük Qayıdışın təhlükəsiz şəraitdə icraını təmin etməkdir.


Create Account



Log In Your Account