Sep 18 2018 15:02
Views: 1147

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ünvanı səhv salıb. O, Azərbaycan analarından öncə həyat yoldaşına müraciət etməlidir. Millət vəkili, Yeni Azərbaycan Partiyası Qadınlar Şurası İdarə Heyətinin üzvü Məlahət İbrahimqızı erməni analarının sülh çağırışı ilə Azərbaycan analarına  müraciət etməsi ilə bağlı xəbəri şərh edərkən belə deyib. Millət vəkili xatırladır ki, məhz Nikol Paşinyan Azərbaycana qarşı təhdid dolu bəyanatlarla çıxış edərək Bakını müharibəyə təhrik etməyə çalışır. Məhz Paşinyan hər vəchlə danışıqlar prosesinin irəliləməsinə mane olur.

“Ermənistan baş nazirinin xanımı belə bir təxribatla özlərinin siyasətini erməni anaları qarşısında ört-basdır etməklə deyil. Yaxşı olar ki o həyat yoldaşına təzyiq eləsin ki, işğalçılığa son qoy. İşğalçı dövlətin baş nazirinin xanımının bu səsləndirdiyi fikirlər tamamilə provakativ fikirlərdir. Çünki düşünməlidir ki, bu dövlət işğalçıdır”.

Məlahət İbrahimqızı xatırladır ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva hələ ötən il əsl sülh təşəbbüsü ilə çıxış edərək erməni analara çağırış etmişdi, onları öz övladlarını işğalçılıq siyasətinə qurban verməkdən çəkindirməyə çağırmışdı. Prezident İlham Əliyev də beynəlxalq tədbirlərdən birində ermənipərəst qüvvələrin ona ünvanladığı təxribat xarakterli sualı cavablandırarkən bir daha vurğulamışdı ki, erməni əsgərləri məhz Ermənistan hökumətinin apardığı işğalçı siyasətin qurbanı olur.

“Guya Azərbaycan ordusu erməni əsgərləri işğal altında olan torpaqların ərazisində erməni əsgərlərinə atəş açıblar, onlar da həyatlarını itiriblər, belə bir təxribat xarakterli sual verdilər. Möhtərəm prezident çox sakitliklə təmkinli şəkildə müdrikliklə cavab verdi ki, erməni əsgərlərinin Azərbaycan ərazisində nə işi vardı ki, güllə qurbanı olsunlar? Ona görə də erməni anaları öz övladlarını çəksinlər öz torpaqlarına, öz evlərinə, öz ölkələrinə çəksinlər və Ermənistanın işğalçı rejiminin qurbanı eləməsinlər”.

Millət vəkili hesab edir ki, əslində erməni analarının bu tip müraciəti etməsinin özü də bir təxribatdır. Çünki işğalçı tərəf bu məzmunda çıxış edə bilməz. Erməni anaları birmənalı şəkildə bilməlidirlər k, onların övladlarının həlak olmasının səbəbkarı məhz Paşinyan və onun apardığı işğalçı siyasətdir. Ermənistan hökuməti siyasətini dəyişməzsə, erməni xalqını daha böyük fəlakətlər gözləyə bilər.

“Bilməlidirlər ki, onların övladları işğalın qurbanıdır. İşğalçılıq siyasətinin qurbanlarıdır. Azərbaycan qadınlarının övladları isə öz vətəninin, öz torpağını, ərazi bütövlüyünü, ölkənin suverenliyin qorumaq məqsədilə öz müqəddəs vəzifələrini yerinə yetirirlər. Əgər onlar öz işğalçı dövlətlərinə təsir etməsələr, o fəlakət çox yaxındadır. Fəlakətin sonunun əvvəlini biz görürük. Bunu istəmərik”.

İşğalçılıqla üzləşən Azərbaycan daim münaqişənin sülh yolu ilə həllini tərəfdarı kimi çıxış edib. Lakin Ermənistanda bundan əvvəlki cinayətkar rejim və indiki baş nazir də tamamilə əks siyasət yürüdür. Erməni ictimaiyyəti bilməlidir ki, danışıqlar nəticəsiz qalarsa, Azərbaycan bir qarış torpağını belə, mənfur işğalçıların tapdağı altında qoymayacaq. Nə qədər ki, Ermənistan tərəfi işğalçılıq siyasəti həyata keçirəcək, o vaxta qədər də erməni analarının gözü yaşlı qalacaq.


Create Account



Log In Your Account