Jan 14 2019 18:22
Views: 420

2018-ci il Azərbaycan üçün uğurlu il olub. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan sürətlə inkişaf edib. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Qeyd edib ki, ölkədə bütün sahələr, eləcə də, sosial sahə dinamik inkişaf edib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, ötən il əhalinin sosial xidmətlərə çıxışının asanlaşdırılması ilə bağlı əhəmiyyətli işlər görülüb.

“Neçə illərdir bizə “ASAN Xidmət” layihəsi həyata keçirilirdi. Bu ildən isə mərkəzi icra hakimiyyəti orqanları nəzdində əhaliyə asanlaşdırılmış və əksəriyyəti də, internet üzərindən olan xidmətlərin göstərilməsinə start verilib. Bununla bağlı “DOST” publik hüquqi şəxsin yaradılmasını, sosial sahədə xüsusi bir internet resursunun yaradılmasını, “DOST” layihəsinin təqdim olunmasını göstərmək olar”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıblı   deyir ki, bu il ərzində plana əsasən, üç “DOST” mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. İlk “DOST” mərkəzinin bu yaxınlarda Yasamal rayonunda istifadəyə veriləcəyi gözlənilir.

“DOST” mərkəzlərində ƏƏSMN tərəfindən vətəndaşlara göstərilən 124 xidmət həyata keçiriləcək. Bu 124 xidmət əmək, məşğulluq, əlilliyin qiymətləndirilməsi, bərpası və digər bu qəbildən olan xidmətləri əhatə edəcək. Ümumilikdə, 2019-2025-ci illərdə ölkəmizdə 31 “DOST” mərkəzinİN yaradılması planlaşdırılır”.

Ölkədə sosial sahənin inkişafı üçün aparılan islahatlardan danışan müsahiblərin sözlərinə görə,ötən il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib. 2019-cu ildə verilən evlərin sayı 800-ə yaxın olacaq.

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müdafiə və aktiv məşğulluq tədbirləri gücləndirilib. Həmçinin, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönələn mühüm islahatlar həyata keçirilib:

“Cənab prezidentin ötən il imzaladığı fərmana əsasən, nazirlikdə mərkəzləşdirilmiş elektron informasiya sistemi yaradılıb. Və bu informasiya sisteminin əldə etdiyi imkanlar onu deməyə əsas verir ki, avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə vətəndaşların bu xidmətlərə əlçatanlığı daha da sürətlənib. Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə“e-sosial.az” internet portalı istifadətə verilib. Bu portalda vətəndaşların nazirliyin fəaliyyət sahələri ilə bağlı əldə etdikləri bütün imkanlar, onların hüquqları bir ünvanda toplanıb”.

Nazirliyin həyata keçirdiyi layihələrdən biri də “Məşğulluq” altsisteminin yaradılmasıdır. Bu sistem işsiz və işaxtaran şəxslərin əmək bazarına çevik inteqrasiyasına şərait yaradacaq. Bundan başqa, “Pensiyaçının dostu” proqramı hazırlanaraq, cari ilin əvvəlindən işə salınıb. Bununla da elektron texnologiyalar üzərində şəffaf və operativ pensiya təyinatı mexanizmi qurulub. Prezidentin təşəbbüsü əsasında hazırlanan “İşsizin dostu” proqramı isə haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə imkan verib. Bu proqram çərçivəsində cari ildə 30 minədək şəxsin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunması təmin ediləcək.


Create Account



Log In Your Account