Apr 03 2019 18:09
Views: 365

Bu gün aprel döyüşlərində qəhrəmancasına həlak olan Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin anım günüdür. Xüsusi təyinatlı Qüvvələrin zabiti, şəhid polkovnik leytenant II Fəxri Xiyabanında məzarı başında anılıb. Anım mərasimində doğmaları, dostları, döyüş yoldaşları iştirak edib. Murad Mirzəyev 2016-cı ildə Aprel Döyüşlərində komandiri olduğu qrupla birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib və baş verən qeyri-bərabər döyüşdə aprelin 3-də şəhid olub. 

1976-cı ilin martın 31-də Sabirabad rayonunda dünyaya gələn Murad hələ uşaq yaşlarında hərbçi olmağa can atıb. Məhz buna görə anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. Dünyanın bir çox ölkələrində hərbi təlimlərə qatılan polkovnik-leytenant peşəkar həbçi kimi yetişib.

Uşaq yaşlarından nizam-intizamı ilə fərqlənən Murad həm də etibarlı dost və yoldaş olub. Dostları onu sədaqətli insan kimi xarakterizə edir. Əsl vətənpərvər olan milli qəhrəman gözünü qırpmadan və bir an belə düşünmədən şəhid olmağı gözə alıb.

Bu gün Murad Mirzəyevin şücaəti, qəhrəmanlığı ilə təkcə ailəsi yox, bütün Azərbaycan fəxr edir. Xalqın layiqli övladı olan milli qəhrəmanın anım günündə aprel döyüşlərinin davamının olacağına inam ifadə olunub. Bildirilib ki, Azərbaycan ordusu növbəti uğurlu əməliyyatlarla torpaqlarımızı işğaldan azad etdikdən sonra şəhidlərimizin ruhu şad olacaq.  O gün isə uzaqda deyil.

 


Create Account



Log In Your Account