Apr 04 2019 14:28
Views: 436

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsi daim əziz tutulur, hörmət və ehtiramla yad edilir. Bu fikir Bakı Konqres Mərkəzində vətən uğrunda qəhrəmancasına həlak olmuş aprel döyüşləri şəhidlərinə həsr olunmuş tədbirdə səsləndirilib. Çıxış edənlər bildirib ki, aprel döyüşlərindən 3 il ötsə də, o hadisələrin qəhrəmanları gənc nəsil üçün hər zaman örnəkdir. Qeyd olunub ki, şəhid ailələri dövlətin diqqət və qayğısı ilə hər zaman əhatə olunub. 

Aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsində dönüş yaratmış bir zəfərdir. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan ərazilərinin işğalı ilə heç zaman barışmayacaq və lazım gələrsə hərbi əməliyyatlar aparmaq iqtidarında və gücündədir.

Tədbirdə aprel döyüşlərində qəhrəmancasına həlak olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə başlanan “Şəhidimiz” kampaniyası çərçivəsində hazırlanan videoçarx nümayiş olundu. Bildirildi ki, bu cür tədbirlər gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, xalqın birlik və vəhdətinin təcəssüm etdirilməsi istiqamətində əhəmiyyətlidir.

Daha sonra şəhidlərin ailə üzvlərinin videolarından ibarət çarxlar nümayiş olundu. Qeyd olundu ki, şəhidlər vurulanda deyil, unudulanda ölür. Azərbaycan xalqı isə öz şəhidlərini heç vaxt unutmayacaq.

Tədbirdə “Vətən bizə əmanətdir” bədii kompozisiyası nümayiş etdirilib. Şəhid ailələrinin üzvlərinə “Azərmarka” MMC-nin hazırladığı şəhidlərimizin xatirəsinə  həsr olunan markalar tədqim olunub.


Create Account



Log In Your Account