Dec 11 2018 18:42
Views: 347

“Aqrar sığorta sahəsində Türkiyənin böyük təcrübəsi var. Mövcud modeli Azərbaycanda da həyata keçirə bilsək, bundan fermerlər fayda götürə bilər”. Bunu Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri   Bekir Pakdemirli Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı biznes forumunda deyib. Nazir bildirib ki, bir vaxtlar aqrar sığorta sahəsində  Türkiyədə mövcud olan Avropa modeli öz faydasını verməyib. Buna görə, TARSİM adlanan yeni bir model hazırlanaraq istifadəyə verilib. İndi Türkiyədə aqrar sığorta sahəsi bu modellə idarə olunur.

Bekir Pakdemirli indi iki ölkə arasında ticarət dövriyyəsinin 1.7 milyard dollar təşkil etdiyini deyib. Bildirib ki, hər iki ölkə prezidentinin qarşıya qoyduğu hədəf ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.

Biznes forumda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov ötən il Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı məhsullarının ümümi ticarət dövriyyəsinin 192 milyon dollar olduğunu diqqətə çatdırıb. Bildirib ki, indi investisiya yatırımları, emal və istehsal üçün Azərbaycanda çox əlverişli şərait var.

Forumda 100-ə yaxın Türkiyəli iş adamı iştirak edib. Onlar  öz məhsullarını tanıtmaq və şirkətləri ilə bağlı məlumat verməklə yanaşı, yerli iş adamları ilə əlaqələr qurmaq və biznes imkanlarından faydalanmaq niyyətlərini bildiriblər.

Forumda Türkiyənin Kənd Təsərrüfatı və meşəçilik naziri iki ölkənin  ticarət bazarının birləşdirilməsi təklifi ilə də çıxış edib. Bildirib ki, Azərbaycan Rusiya və Asiya bazarlarını yaxşı tanıyır.

Türkiyənin də öz növbəsində Avropa və Afrika bazarları ilə bağlı geniş təcrübəsi var. Nazirin sözlərinə görə, bu bazarlara məhsul tədarükü sahəsində birgə fəaliyyət hər iki tərəfə daha çox fayda verə bilər. 


Create Account



Log In Your Account