Jun 04 2018 18:32
Views: 454

Bu gün dünya ictimaiyyəti münaqişələr və terrordan zərər çəkən uşaqların gününü qeyd edir. Artıq 36 ildir ki, BMT 4 iyunu aqressiya qurbanı olmuş günahsız uşaqların günü elan edib. Təşkilat nümayəndələri bu qərarı 1982-ci il avqustun 19-da  BMT-nin Fələstinlə bağlı fövqəladə toplantısında veriblər. Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Təşkilatının məlumatına görə, təkcə 2000-ci ildə İsrail qüvvələri tərəfindən 547 fələstinli uşaq öldürülüb. Təkcə Fələstində deyil, dünyanın hər yerində lokal müharibələrdə uşaqlar həlak olur. Suriyada 2011-ci ildən indiyədək 11 mindən çox uşaq öldürülüb. Bu gün dünyada 350-400 minə yaxın uşaq əsgər var. Təkcə 90-cı illərdəki silahlı münaqişələrdə 2 milyondan çox uşaq ölüb, 6 milyondan çox uşaq ağır yaralanıb və ya şikəst qalıb. Hər il 8-10 min uşaq minaya düşərək ölür və ya şikəst qalır
Bu sırada erməni terrorizminin qurbanı olan azərbaycanlı uşaqlar da var. 1988-1994-cü illərdə erməni terror qrupları və silahlı birləşmələri minlərlə Azərbaycanlı uşağın vəhşicəsinə qətlə yetirilməsinə, yaralanmasına, itkin və əsir düşməsinə, eləcə də bir və ya hər iki valideynini itirməsinə səbəb olub. Təkcə Xocalı faciəsi zamanı 63  uşaq öldürülüb. 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirib. Ümumilikdə Qarabağ münaqişəsində 200-ə yaxın azərbaycanlı uşaq öldürülüb. Bu münaqişə nəticəsində daha çox itki və əzab-əziyyətə, psixoloji zərbələrə məruz qalan qaçqın və məcburi köçkün övladları olsa da, digər şəhər və bölgələrdə də ata, yaxud anaları şəhid, yaxud əlil olmuş on minlərlə uşaq var ki, onlar da Qarabağ savaşının qurbanları hesab edilirlər.
Azərbaycan münaqişədən əziyyət çəkən vətəndaşların, o cümlədən, uşaqların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində çox tədbirlər həyata keçirib. Onların sosial rifahı təmin olunub. Bütün bu tədbirlər qaçqın və məcburi köçkün övladlarının reabilitasiyasına müsbət təsir göstərir. Lakin 1988-1994-cü illərin müharibə uşaqları o illərin bir çox psixoloji, fizioloji zərbələrini bu gün də yaşamaqdadırlar. Bu şikəst, görmə, eşitmə, nitq və s. qabiliyyətlərində qüsur olan kişi və qadınlar məhz o illərin didərgin uşaqlarıdır..
XXI əsrdə, sivilizasiyanın bu mərhələsində hələ də uşaqlara tam təhlükəsiz həyat təmin edilməyib.  Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-i  yaralanıb. 1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq Tovuz rayonu ərazisindən axan çaya buraxan ermənilər iki uşağın ölümünə bais olublar. 2011-ci ildə Ağdamın cəbhə xəttində öz həyətində dostları ilə oynayan 9 yaşlı Fariz Bədəlov, çaydan tapdığı oyuncağın içindəki partlayıcı qurğuya görə 13 yaşlı Aygün Şahmalıyeva və ötən il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində ermənilər tərəfindən öldürülən 2 yaşı hələ tamam olmamış Zəhranın  faciəsi. Bütün bu faktlar bir daha ermənilərin uşaq qatili olduğunu sübut edir. Azərbaycan haqlı olaraq beynəxalq ictimaiyyətdən münaqişənin həllində ədalətli mövqe tələb edir.


Create Account



Log In Your Account