Apr 04 2018 15:59
Views: 683

Heydər Əliyev Sarayında görkəmli muğam ifaçısı, xalq artisti Arif Babayevin 80 illik yubileyi qeyd edilib. Tədbir xanəndənin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Yubiley gecəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli muğam ifaçısı Arif Babayevin ömür yolundan, muğam sənətinin inkişafındakı xidmətlərindən və özünəməxsus ifaçılıq üslubundan danışıb.

Qeyd edib ki, yüksək səhnə mədəniyyətinə malik Arif Babayev dünyanın çox ölkəsində qastrol səfərində olub, muğamlarımızın, milli musiqimizin təbliğində, böyük xidmətlər göstərib. Onun bu xidmətləri hər zaman yüksək qiymətləndirilib. Arif Babayev əməkdar artist, Xalq Artisti fəxri adlarına layiq görülüb, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Bundan başqa Prezidentinin fərdi təqaüdçüsü olan Arif Babayev “İstiqlal”, bu il isə “Şərəf” ordeni ilə təltif edilib. Nazir "Şərəf" ordenini xalq artistinə təqdim edib.

Yubiley gecəsində maraqlı anlar da yaşanıb. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi Arif Babayevə özünəməxsus sürpriz edib. Onun 80 illik yubileyinə Polad Bülbüloğlunu hədiyyə gətirib.

Arif Babayevin yetirmələrinin ifası da gecəyə xüsusi rəng qatıb.

İfaçılıqla yanaşı Arif Babayev uzun illər pedoqoji fəaliyyətlə də məşğul olub. Azərbaycan muğam ifaçıları arasında ilk dəfə professor elmi dərəcəsinə layiq görülən müğənni də məhz Arif Babayevdir. O, indi də Azərbaycan Milli Konservatoriyasında muğam kafedrasının müdiri kimi pedoqoji fəaliyyətə davam edir.

Yubiley mərasimi böyük sənətkarın yetirmələri ilə birgə ifa etdiyi "Qarabağ şikəstəsi" ilə başa çatıb.


Create Account



Log In Your Account