Dec 07 2017 18:33
Views: 482

Avstriyanın paytaxtı Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 24-cü toplantısı keçirilir. Zirvə görüşünə yerli vaxtla səhər saat 8-dən start verildi. ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici İşlər naziri Sebastyan Kurtz və qurumun baş katibi Tomas Qreminger sammitə qatılan 57 üzv ölkənin təmsilçilərini qarşıladılar. Bu dəfəki toplantıya Asiya və Afrikanın bir sıra ölkəsindən, eləcə  də Avstraliyadan yüksək səviyyəli nümayəndə heyətləri qatılıblar. Üzv ölkələrdən 40-a yaxını xarici işlər naziri, qalanları isə müavin səviyyəsində təmsil olunur. Azərbaycanı toplantıda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. Zirvə görüşünü açan ATƏT-in indiki sədri Sebastyan Kurtz Avstriyanın bir illik sədrliyi dövründə görülən işlər barədə hesabat verdi. Qeyd etdi ki, ölkəsinin əsas prioriteti təhlükəsizlik məsələləri və əməkdaşlığın genişləndirilməsi məsələləri olub. Onun fikrincə, həllini tapmayan münaqişələr və terrorizm Avropanın təhlükəsziliyinə əsas təhdid olan məsələlər kimi qalmaqdadır. ATƏT məkanındakı münaqişə və böhranların aradan qaldırılması istiqamətində görülən işlərə toxunan Sebastyan Kurtz bildirdi ki, bəzi böhran regionlarında əldə olunan müəyyən irəliləyişlər ən azından yerli əhalinin həyatını yaxşılaşdırmağa kömək edib.

ATƏT sədri radikallaşma və ekstremizmə qarşı üzv ölkələrin birgə mübarizə aparmalı olduğunu dedi. Heç bir dövlətin terror təhlükəsinə qarşı sığortalanmadığını vurğulayan Sebastyan Kurtz təhlükəsizliyin gücləndirilməsi üçün üzv ölkələri daha sıx əməkdaşlığa çağırdı.

ATƏT-in baş katibi Tomas Qreminger ATƏT-in dünyada təhlükəsizlik üzrə ən geniş ərazini əhatə edən təşkilat olduğunu qeyd etdi, bu məkanda qarşılıqlı etimad tədbirlərinin və təhlükəsizlik üçün əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladı. “Təhlükəsizlik etimaddan başlayır, etimad isə dialoqdan”, - deyən baş katib qarşılıqlı inam və etimadın yenidən canlandırılmasının önəmini bildirdi.

ATƏT XİN Şurasının 24-cü sammitində təhlükəsizlik problemləri əsas diqqət mərkəzindədir. Bu kontekstdə Avropa məkanındakı həllini tapmayan münaqişələr xüsusi müzakirə olunur. Çıxışlarda əsas diqqət ukraynadakı münaqişəyə yönəldilsə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də diqqətdən kənarda qalmadı. Həm ATƏT parlament assambleyasının prezidenti George ereteli, həm də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-də təhlükəsizlik arxitekturasına təhdidlər arasında Dağlıq Qarabağ münaqişəsini xüsusi qeyd etdilər.

ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli çıxışında ATƏT məkanındakı münaqişələrin böyük narahatlıq doğurduğunu bildirdi.

“Mən münaqişədən əziyyət çəkən bir ölkənin təmsilçisi olsam da, ATƏT PA-nın prezidenti kimi ATƏT məkanında baş verən bütün münaqişələrdən narahatlığımı bildirirəm.Dağlıq Qarabağ münaqişəsi zonasında döyüşlərin intensivləşməsi, toqquşmaların artması da ciddi narahatlıq yaradır”.

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə toxundu:  “ATƏT-in Minsk qrupunun həmsədri olaraq Rusiya Dağlıq Qarabağ münaqişənin bütün tərəflər üçün məqbul olan həllinin axtarılmasına töhfə verməyə davam edəcək. Münaqişənin həlli ilə bağlı prinsiplər Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları tərəfindən elan olunub”.

ATƏT Nazirlər Şurasının iclası işini davam etdirir. Toplantıda gündəmdəki məsələlərlə yanaşı, gələcək fəaliyyətlə bağlı məsələlər də diqqət mərkəzindədir. ATƏT-ə sədrlik gələn il İtaliyaya keçir. Toplantı çərçivəsində bu ölkənin prioritetləri də açıqlanacaq. Hər il keçirilən ATƏT xarici işlər nazirləri şurasının toplantısı nazirlərə Avropa məkanındakı təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə və qiymətləndirməyə imkan verir.

 

 


Create Account



Log In Your Account