Oct 07 2019 17:44
Views: 949

Ermənistan rəhbərliyinin daxili auditoriyaya yönəlmiş təxribatçı bəyanatları regionda vəziyyətin gərginləşməsinə səbəb olur. Millət vəkili, Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili ATƏT Parlament Assambleyasının “Avropa-Aralıq dənizi regionunda təhlükəsizliyin təmin olunmasında ATƏT və onun tərəfdaşlarının rolu” mövzusuna həsr olunan payız sessiyasında, Daimi Komitənin iclasında belə deyib. Bildirib ki, ATƏT regionunda həll olunmayan münaqişələr digər regionlarda da yeni münaqişələrin yaranmasına səbəb olur. Ermənistan rəhbərliyinin siyasəti isə Dağlıq Qarabağ münaqişəsinin həllini yubadır.  
Tahir Mirkişili öz tarixi torpaqlarında ata-babalarının məzarlarını ziyarət etmək istəyərkən qanunsuz olaraq həbs edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin uzun müddətdir erməni girovluğunda olduğunu xatırladıb. Ermənistan rəhbərliyinin qeyri-insani siyasətinə diqqət çəkib.
Toplantıda çıxış edən  ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində substantiv irəliləyişin olmamasını və problemin digər aspektlərini iştirakçıların diqqətinə çatdırıb. Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın Ermənistana məxsus olması barədə təxribatçı və əsassız çıxışları ilə ölkəsinin yürütdüyü işğalçı və anneksiya siyasətini etiraf etdiyini deyib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistan rəhbərliyindən bir neçə gün əvvəl Qazax istiqamətində mülki şəxsin qətlə yetirilməsi ilə bağlı izahat tələb ediblər. Eyni zamanda ATƏT-in Minsk qrupunu bu hadisəyə dərhal reaksiya verməyə çağırıblar. Beləliklə, ATƏT Parlament Assambleyasının ilk dəfə Mərakeşdə təşkil olunan payız sessiyası başa çatıb.


Create Account



Log In Your Account