Dec 08 2017 18:21
Views: 775

ATƏT xarici işlər nazirləri şurasının 24-cü toplantısı işini yekunlaşdırmaq üzrədir. Bu dəqiqələrdə Vyanada ATƏT-in indiki sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurtz yekun mətbuat konfransı keçirir. Sammitdə ATƏT məkanında təhlükəsizlik problemləri və əməkdaşlığa dair məsələlər diqqət mərkəzində olub. Avropa məkanındakı münaqişələr xüsusilə diqqət mərkəzində olub. Azərbaycan nümayəndə heyəti həm sammitdə, həm də ikitərəfli görüşlərdə Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirib. Hətta Minsk qrupunun həmsədr ölkələrinin sammitdə iştirak edən təmsilçiləri bəyanatla çıxış ediblər. CBC-nin xüsusi müxbiri Radik İsmayilov Vyanadan xəbər verir.

ATƏT Xarici İşlər Nazirləri şurasının 24-cü toplantısı Avropa məkanındakı münaqişələrin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin dünyanın diqqətinə bir daha çatdırılması baxımından əhəmiyyətli oldu. Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisindəki münaqişələrin Avropanın ümumi təhlükəsizliyinə təhdid olduğu xüsusi vurğulandı. Elə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və ermənistan xarici işlər nazirlərinin görüşü də bu sammit çərçivəsində baş tutdu. Görüşdən sonra ətraflı açıqlamalar verilməsə də,Elmar Məmmədyarov erməni həmkarı ilə görüşün  ilk qiymətləndirməsini məhz bu sammitdə çıxışı zamanı verdi.

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT sammitindəki çıxışını əsasən Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı təhdidlər üzərində qurdu. O, erməni həmkarı ilə danışıqları pozitiv qiymətləndirdi.

Elmar Məmmədyarov bildirdi ki, erməni həmkarı ilə görüşdə mövqelərin yaxınlaşması ilə bağlı müzakirələr aparılıb və görüşlərin davam etdirilməsi ilə bağlı razılıq əldə edilib. Azərbaycanlı nazir həmsədrlərin optimizmini də yüksək qiymətləndirdi. Bununla yanaşı bildirdi ki, regiondakı bəzi qüvvələrin qəbulolunmaz və status-kvo vəziyyətinin dəyişdirilməsinə yönəlmiş zəruri siyasi addımlar atmaqda maraqlı olmaması ciddi narahatlıq doğurur. Rəsmi Yerevan Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki mənzərəsinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni addımlarını davam etdirməklə, hərbi işğalın möhkəmləndirilməsinə və “fait accompli” vəziyyətinin yaradılmasına istiqamətlənmiş məqsədyönlü siyasət aparır. 1993-cü ildə işğal olunana qədər tamamilə etnik azərbaycanlıların yaşadığı işğal altındakı Cəbrayıl rayonunda kilsənin açılması Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud pozulmasının daha bir göstəricisidir. Ermənistan təxribatçı addımlarına paralel olaraq işğal olunmuş ərazilərə müvafiq beynəlxalq qurumlardan ibarət ehtiyacların öyrənilməsi məqsədilə missiyaların göndərilməsinə dair bizim təkliflərimizi rədd edir.

Elmar Məmmədyarov bildirdi ki, əgər Ermənistan həqiqətən də münaqişənin siyasi yolla həllini tapmaqda maraqlıdırsa, o zaman münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməlidir. Bu arada ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təşkilatın Vyanada keçirilən 24-cü Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri - Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacan birgə bəyanatla çıxış ediblər. bəyanatda həmsədr ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Helsinki Yekun Aktının prinsipləri əsasında həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq ediblər. Həmsədr ölkələr Azərbaycan və Ermənistan prezidentləri arasında yüksək səviyyəli dialoqun bərpasını, eləcə də hər iki ölkənin xarici işlər nazirlərinin Vyanada keçirilən görüşünü alqışladıqlarını bildiriblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında bildirdi ki, qəbul edilən bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həllinin əsaslanmalı olduğu prinsiplər təsdiqlənib. CBC telekanalının “ATƏT xarici işlər nazirləri şurasının iclasında Avropdakı bütün münaqişlərə eyni olmayan münasibət müşahidə olundu. Daha çox Ukraynadakı münaqişəyə toxunuldu. Bu, Azərbaycanda narahatlıqla qarşılanır. ATƏT Parlament Assambleyasının bu günlərdə Vyanada keçirilən toplantısında Avropadakı bütün münaqişələrə eyni münasibət göstərilməsinin nümunəsi nümayiş etdirildi. Obyektiv olmazmı ki, bu nmunədən nazirlər şurası da istifadə etsin?” sualını belə cavablandırdı.

“Rusiya hələ uzun müddət əvvəl, 7 il öncə ATƏT-də münaqişələrlə bağlı Əsas Prinsiplərin əksini tapdığı sənəd qəbul olunmasını təklif edib. Hansında ki, siz dediyiniz kimi, münaqişələrə eyni yanaşma sərgilənsin. Hər münaqişənin özünün spesifik xüsusiyyətini əsas gətirərək, qərbli tərəfdaşlar bu təkliflə razılaşmayıblar. Münaqişənin nizamlaması ilə məşğul olan vasitəçilərin əsaslanmalı olduğu ümumi kriteriyalara, əlbəttə ki, münaqişələrin spesifikanı da əlavə etmək lazımdır. Məsələn, Moldovadakı münaqişədə söhbət gərginliyin azaldılmasından getmir, orada faktiki olaraq heç bir gərginlik yoxdur. Ukraynada isə atəşkəsin pozulması hallarının qarşısını almaq lazımdır. Əlbəttə, hər bir münaqişədə həmin mərhələdəki prioriteti nəzərə almaq lazımdır. Amma bununla yanaşı ümumi yanaşmalar da olmalıdır. Siz dediyiniz kimi, münaqişələrə eyni yanaşma olmalıdır. Onların  arasında ən vacibi münaqişə tərəfləri arasında birbaşa dialoqun mövcudluğudur.  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı belə bir dialoq aparılır. Təəssüf ki, o, indiyədək ciddi irəliləyişlə nəticələnməyib. Amma faktdır ki, bu il Prezidentlər arasında danışıqlar baş tutdu, xarici işlər nazirləri görüşdülər. Bunlar müsbət haldır. Biz amerikalı və fransalı həmkarlarla birlikdə kollektiv yanaşmanın olduğu bu istiqamətdə işləməyə davam edəcəyik. Bu sessiyada biz bunu bir daha təsdiq etdik. Verdiyimiz bəyanatda həll üçün nəzərdə tutulan əsas prinsiplər öz əksini tapıb. Tərəflər bunu qəbul edib, lakin hələ addım atılmayıb. Bu asan məsələ deyil, amma bu istiqamətdə işləyəcəyik”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Xarici işlər naziri Elmar Məmmədyarovun sammit çərçivəsində keçirdiyi ikitərəfli görüşlərdə də diqqət mərkəzində olub. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşdə nazir bildirdi ki, münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməlidir. Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb. Bildirib ki, münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsi vacibdir və Azərbaycanın bu qəbildən olan təmasları dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi, eləcə də Gürcüstan, Ukrayna və moldova ərazisindəki münaqişələr GUAM xarici işlər nazirlərinin görüşündə də diqqət mərkəzində oldu. 

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlarla bağlı məlumatlandırıb və münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirib. Görüş çərçivəsində nazirlər avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları, eləcə də təhsil sahəsində 2018-2020-ci illər üzrə İş Proqramını imzalayıblar.

 


Create Account



Log In Your Account