Sep 24 2018 18:37
Views: 515

Sülh, sevgi, təhlükəsizlik. Naxçıvan Muxtar Respublikasına səfər edən Avropa İttifaqı ölkələri diplomatlarının Azərbaycanın bu qədim diyarı haqqında ilkin təəssüratları belədir. Quruma üzv 17 ölkənin Azərbaycandakı səfirinin geniş nümayəndə heyətilə Naxçıvana ilk səfərinin poqramı olduqca zəngin idi.
Əvvəla bu səfər Naxçıvanın qədim tarixi, mədəniyyəti, keçdiyi inkişaf yolu ilə tanışlıq imkanı idi. Üstəlik Avropa İttifaqı ölkələri təkcə Azərbaycanın yox, Qafqazın ən dilbər guşələrindən biri olan Naxçıvanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bunu Diplomatlar mətbuat konfransında xüsusi vurğuladılar. Qeyd olundu ki, Naxçıvan bərpa olunan enerji mənbələri sahəsində Avropa ölkələri üçün nümunədir. Avropa İttifaqı ölkələri kənd təsərrüfatı, meliorasiya, turizm və bir çox istiqamətlərdə muxtar respublika ilə əməkdaşlığa hazırdır.
Əməkdaşlığın genişləndirilməsi üçün bütün imkanlar var. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq yeni sazişsə yeni tərəfdaşlığın təməlini qoyacaq. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyir ki, təmsil etdiyi qurum sənədin tezliklə imzalanmasında maraqlıdır.  Çünki, yeni razılaşma əməkdaşlığı daha da genişləndirməyə imkan verəcək. Bu əməkdaşlıq isə ən müxtəlif sahələrdə mümkündür.
Kestutis Yankauskas hesab edir ki, insanlar arasında münasibətlərin qurulması, ünsiyyətin daha da dərinləşməsi Aİ-Azərbaycan tərəfdaşlığını və münasibətlərini daha da inkişaf etdirəcək. Bu məqsədlə səfirlər Naxçıvandakı ümumtəhsil məktəblərində öz ölkələri ilə bağlı təqdimatlar etdilər. Muxtar Respublikanın ali məktəblərində də Avropa İttifaqı ölkələri barədə geniş məlumatlar verildi.  
Avropa İttifaqının nümayəndələri Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan şəraitlə də tanış oldular. 2010-cu ildən fəaliyyət göstərən Mərkəz sağlamlıq imkanları məhdud şəxslərin tədrisi və reabilitasiyası məqsədilə müxtəlif sosial xidmətlər göstərir. Mərkəz müasir texnologiyalarla təchiz olunub.
Diplomatların Naxçıvan səfəri “Avropa şəhərciyi”nin rəsmi açılışı ilə yeklunlaşdı. Avropanı Naxçıvanda kəşf et devizi altında keçirilən tədbirdə Naxçıvan sakinlərinə Avropa İttifaqına üzv olan  dövlətlərin mədəniyyəti və tarixi haqqında ətraflı məlumatlar verildi. Təhsil, turizm imkanları təqdim olundu.
Avropa Şəhərciyində Avropa ölkələrinə aid sərgilər, uşaqlar üçün intellektual və əyləncəli proqramlar təşkil olundu.
Rəsmi açılışda iştirak edən səfirlər Azərbaycanın, xüsusilə Naxçıvanın tarixini, mədəniyyətini, mətbəxini əks etdirən məlumatlarla tanış oldular.
Avropa şəhərciyi Naxçıvan Muxtar Respublikasında ilk dəfədir təşkil edilir. Qeyd edək ki, Naxçıvan bu il Azərbaycanın Gənclər Paytaxtı seçilib.


Create Account



Log In Your Account