Mar 26 2020 14:52
Views: 155

Koronavirus pandemiyası son 24 saatda rekorda imza atıb. ÜST-nin məlumatına görə, dünyanın 197 ölkəsində 417 minə yaxın insan  koronavirusa yoluxub və xəstəlikdən 18,589 nəfər vəfat edib. Xarici KİV-lərin yaydığı məlumatda isə yolxunlarına ümumi sayı 475 mindən çox göstərilir.

COVİD-19 virusu artıq Avropanın bütün ölkələrində qeydə alınıb. Koronavirusun sürətlə yayıldığı ölkələrdən biri də Niderlanddır. Martın 25-də bu ölkədə dünyasını dəyişənlərin sayı 80 nəfərə çatıb. Beləliklə ölkədə ölənlərin ümumi sayı 356 olub. Onların əksəriyyəti 80-84 yaş arasında olanlardır. Hazırda Niderlandda koronavirusa yoluxanların sayı 5 min 412 nəfərdir. Niderlanddakı diaspor təşkilatlarından CBC-yə verilən məlumata görə, hökumət koronavirusla bağlı qadağaları sərtləşdirib.

Avropa ölkələri pandemiyanın yayılmasına mane olmaq üçün qadağaları sərtləşdirirlər. Bosniya və Herseqovina aeroportları bağlayıb. İsveçrə sərhədləri bütün şengen ölkələri üçün qapadıb.

Avropada ən çətin vəziyyətdə olan İtaliyada ölü sayı 7503-ə yüksəlib. Yoluxanların sayı isə 57 521 nəfərdir. Çin və İtaliyadan sonra ən çox insan ölümü qeydə alınan ölkə İspaniyadır. İspaniyada pandemiya səbəbindən 3 647 nəfər həyatını itirib.

Son 24 saat ərzində ölənlərin sayı 938 nəfər olub. Fransada son sutka ərzində koronavirusdan 231 nəfər vəfat edib.  Beləliklə də, ölü sayı 1331 nəfərə qədər artıb. Fransa koronavirus epidemiyasına qarşı mübarizə məqsədilə hərbi əməliyyata başlayır. 

Qonşu İranda son 24 saatda 143 insan vəfat edib. Bununla da ölü sayı 2077-yə çatıb. İranda virusla əlaqəli saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı isə 255 nəfərə çatıb.

Qonşu Türkiyədə isə koronavirusa yoluxanların sayı 2 433 nəfərə çatıb, daha 15 nəfər isə dünyasını dəyişib ölənlərin ümumi sayı 59 nəfərə çatıb.   Səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb ki,  5 min 35 test aparılıb, onlardan 561-inin nəticəsi müsbət olub.

 


Create Account



Log In Your Account