Nov 08 2017 16:48
Views: 1541

Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatının qalibi olan Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar. Üçqat Avropa çempionu olan şahmatçılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri gül-çiçəklə qarşılayıblar.
Qırx ölkənin milli komandasının qatıldığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov təmsil edib. Komandamızın rəqibləri Rusiya, Ukrayna, Moldova, İspaniya, İtaliya, Avstriya, Macarıstan və Ermənistan komandaları olub. Şahmatçılarımız ilk turda İtaliya yığmasına məğlub olsalar da, sonrakı turlarda Avstriya, Moldova, Çexiya, Ermənistan, Macarıstan və Rusiya komandalarına qalib gəlib, Ukrayna və İspaniya milliləri ilə heç-heçə edib. Azərbaycan millisi bu qələbə ilə qitə birinciliklərində üçüncü dəfə qızıl medala sahib olub. Şahmatçılarımız Rauf Məmmədov, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov çempionatda fərdi çıxışı ilə də fərqlənib. Ən yaxşı nəticəni isə Rauf Məmmədov göstərib. Keçirdiyi 9 görüşdən 8 xal yığan Rauf Məmmədov dördüncü lövhədə qızıl medala sahib olub. Birinci lövhədə 8 matçdan 5 xal toplayan Şəhriyar Məmmədyarov və ikinci lövhədə 5,5 xallıq nəticə göstərən Teymur Rəcəbov gümüş medala layiq görülüb.
Xatırladaq ki, bu, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatlarında beşinci medalıdır. Şahmatçılarımız 2009-cu və 2013-cü illərdə keçirilən qitə birinciliklərində çempion olublar. Milli komandamız ilk medalını – bürünc mükafatı 2007-ci ildə qazanıb. 2011-ci ildə təşkil olunan Avropa çempionatında isə şahmatçılarımız yalnız Almaniya yığmasından geri qalaraq gümüş medala sahib olublar.


Create Account



Log In Your Account