Nov 09 2018 14:12
Views: 144

Azərbaycan idmançıları bu bayraq altında Olimpiadalarda qələbə qazanırlar. Əsgərlər Vətən qarşısında müqəddəs borclarını yerinə yetiirlər. Məhz bu bayraq parad və dövlət tədbirlərində, nüfuzlu beynəlxalq təşkilatların önündə dalğalanır. Azərbaycan xalqının milli qüruru olan dövlət bayrağının bu gün 100 yaşı qeyd olunur. 

1918-ci ilin mayın 28-də bütün müsəlman şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Məhz Xalq Cümhuriyyətinin mövcudluğu dövründə azadlığımızın rəmzi olan üçrəngli dövlət bayrağı qəbul olundu.

1918-ci il iyunun 21-də ilk dövlət bayrağının layihəsi təsdiqlənib. İlkin variantda qırmızı fonda ağ rəngli aypara və ağ rəngli səkkiz guşəli ulduz əks olunmuşdu. Noyabrın 9-da hökumət başçısı Fətəli Xan Xoyskinin hesabatından sonra yeni – yaşıl, qırmızı və mavi rənglərdən ibarət, mərkəzdə ağ rəngli aypara və səkkizguşəli ulduz olan bayraq təsviri təsdiqləndi.

Türkçülüyü, inkişafı və İslam dəyərlərini tərənnüm edən yeni bayraq həmin dövrdə bütün dövlət idarələrində qaldırılmış, dövlət emblemləri, orden və medallarda əks olunmuşdu. Lakin 1920-ci il bolşevik işğalından sonra Azərbaycanda sovet hakimiyyəti bərqərar oldu. Və müstəqilliyin bütün rəmzləri ləğv edildi. Amma tarix göstərir ki, bu, müvəqqəti oldu.

Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı fərmana əsasən, 9 Noyabr tarixi Dövlət Bayraq Günü kimi qeyd olunur. Bu gün respublikada dövlət rəmzlərinin populyarlaşdırılması üzrə tədbirlər davam etdirilir. Gənc nəslə dövlət simvollarının tarixi və mənası barədə məlumatlar verilir.

Azərbaycan bayrağı Cümhuriyyət qurucularının azadlıq və müstəqillik haqqında arzularının reallaşdığını göstərir. İndi üçrəngli bayraq hər bir azərbaycanlı üçün şərəf və qürur mənbəyidir.

Bayraq həm də ordumuzun qüdrətinin, əsgərlərimizin qəhrəmanlıqlarının rəmzidir. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini bayrağa bürünərək göstərir və düşmən işğalından azad edilən torpaqlarımızda bayrağımız dalğalanır.

2016-cı ilin aprel döyüşlərində bu bayraq erməni işğalından azad edilən Lələtəpəyə sancılıb. Daha sonra Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində işğaldan azad edilmiş Günnütdə qaldırılıb. Məhz həmin bayraqlar bu il Sentyabrın 15-də Azadlıq meydanında keçirilən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parada da gətirilmişdi.

Prezident İlham Əliyev hərbi paraddakı çıxışında bildir ki, bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətirilib: “O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaq”. 


Create Account



Log In Your Account