Sep 11 2018 15:25
Views: 575

Şəhrisəbzin mərkəzi olan Ağsaray meydanında xüsusi canlanma var. Özbəkistanın dörd bir yanından gələn insanlar burda keçirilən ilk beynəlxalq muğam forumunun bağlanış mərasiminə tələsir. Müsabiqədə iştirak edən ifaçılar da həyəcanla qaliblərin elan olunacağı səhnəyə yollanır. Azərbaycan təmsilçiləri hələ lap əvvəldən favorit hesab olunurdu. Münsiflərin fikirləri isə qələbəyə olan ümidi daha da artırır.
Özbək musiqisi və rəqsləri yerini mərasimin ən həyəcanlı hissəsinə verir. Ilk olaraq xüsusi nominasiyalarda qaliblərin adları açıqlanır. Onların sırasında Azərbaycan yoxdur. Üçüncü və ikinci yerlərin sahibləri də başqa ölkələrin təmsilçiləridir... və nəhayət o an gəlir. Əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental ansamblı birinci yerə layiq görülür.
Bu qələbəyə sevinən yalnız Azərbaycan nümayəndə heyəti deyil, Özbəkistan tamaşaçıları, münsiflər heyəti və müsabiqədəki rəqibləri də “Muğam” instrumental ansamblını ayaq üstə alqışlayır.
Şəhrisəbz beynəlxalq muğam forumu 30-a yaxın ifaçı və qrupun mübarizə apardığı müsabiqədən və elmi-praktiki konfransdan ibarət oldu. Çox sayda ölkədən gələn musiqiçilər isə müsabiqədən kənar çıxış etdilər. Ümumilikdə forum 70-dən çox ölkənin nümayəndəsini bir araya gətirdi.


Create Account



Log In Your Account