Sep 27 2019 18:35
Views: 292

Azərbaycan turizm istiqaməti kimi hər il yüz minlərlə turisti cəlb edir. Turizm məkanı kimi ölkə də əcnəbi qonaqları qarşılamaq üçün hər il daha yaxşı hazırlaşır. Turizmin inkişafı üçün səylər əsasən bazarda tərəfdaşlarla əlaqələrin qurulması, infrastrukturun təkmilləşdirilməsi və bu sahə üzrə ixtisaslaşmış təhsilin inkişafıdır.
 
Azərbaycan turistləri əsasən nə ilə cəlb edir? Azərbaycan Turizm Bürosunun müşahidələrinə görə, bura ilk növbədə mədəni və təbii müxtəliflikdir. Eyni zamanda əcnəbi qonaqlar ölkəmizin qədim mədəni abidələri, tarixi irsinə maraq göstərir. 

Qeyd edək ki, Dünya Turizm Günü ölkəmizdə 2001-ci ildən etibarən geniş şəkildə qeyd olunmağa başlayıb. Məhz həmin il Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatına üzv kimi qəbul olunub. 27 sentyabr tarixi ölkəmizdə həm də turizm işçilərinin peşə bayramıdır. Bu il beynəlxalq turizm günü yeni iş yerlərinin açılması mövzusuna həsr olunub.
 
Yeni iş yerlərinin yaradılması Azərbaycanda turizmin inkişafında əsas hədəflərdən biridir.  Əsas məqsəd yaxın 10 il ərzində turizmin ÜDM-dəki payını 10 faizə çatdırmaqdır. 2018-ci ildə Azərbaycana gələn xaricilərin sayında 2017-ci illə müqayisədə 5.7 faiz artım olub.  2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6.5 faiz çoxdur. Hədəf 2023-cü ilədək ölkəyə gələn turist sayını 2 dəfəyədək artırmaqdır.


Create Account



Log In Your Account