Jan 23 2019 18:15
Views: 443

Avropa Şurasının Parlament Assambleyasının nın qış sessiyasında qurumun sosialistlər qrupunun iclası keçirilib. Azərbaycan nümayəndə heyətinin üzvü Sabir Hacıyev sosialistlər qrupunun vitse-prezidenti, eləcə də qrupun büro üzvü seçilib.

Sessiya çərçivəsində həmçinin  “Şəriət qanununun İnsan Hüquqları üzrə Avropa Konvensiyasına uyğunluğu: Konvensiyaya qoşulan ölkələr Qahirə Bəyannaməsinin iştirakçısı ola bilərmi?” adlı məruzənin müzakirəsi aparılıb. Müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri  Səməd Seyidov da çıxış edib. Bildirib ki, Azərbaycan Qahirə Bəyannaməsini imzalamayıb. Amma bununla belə , Azərbaycandan bu bəyannamədən imtina etmək tələb olunur.

Avropa Şurası 10 il əvvəl Azərbaycanla fəxr edirdi. Bakıda Avropa Şurasına üzv olan 47 ölkənin, eləcə də 10 İslam ölkəsinin mədəniyyət nazirlərinin konfransında Bakı Bəyannaməsi imzalandı. Ancaq 10 il sonra Azərbaycan, Albaniya və Türkiyədən heç vaxt imzalamadığımız Qahirə Bəyannaməsindən imtina etmək tələb olunur. Azərbaycan 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatının üzvü olub. Qahirə Bəyannaməsi isə 1990-cı ildə imzalanıb. Ölkəmiz heç vaxt Qahirə Bəyannaməsini imzalamayıb”.

Azərbaycanlı deputat Asim Mollazadə də məsələ ilə bağlı fikirlərini açıqlayıb. Qeyd edib ki, Azərbaycan 100 il əvvəl İslam dünyasında ilk dünyəvi dövlət qurub. İk dəfə məhz Azərbaycanda qadınlara səsvermə hüququ verilib, qadınlar parlamentə seçilib.

“Şəriət qanunları ilə idarə olunan bəzi müsəlman ölkələri var. Bu, əlbəttə qəbuledilməz haldır. Lakin Azərbaycanda din dövlətdən ayrıdır. Azərbaycanla yanaşı, Türkiyə, Albaniya kimi də dünyəvi dövlətlər var. Bu sənədin qəbulu bizim kimi dövlətlərə narahatlıq yaratmamalıdır”.

Deputat bildirib ki, müzakirə olunan sənədin qəbulu İslam dəyərlərinə zidd olmamalıdır. Bu iclasla yanaşı, azərbaycanlı deputatlar Avropa məkanında media azadlığının təminatı ilə bağlı müzakirələrdə də iştirak ediblər. Qənirə Paşayeva Avropa ölkələrində Azərbaycan əleyhinə dezinformasiya yayan KİV və siyasətçiləri, o cümlədən AŞPA-da bu cür addımlar atan siyasətçiləri kəskin tənqid edib.

“Azərbaycan dezinformasiyalardan ən çox əziyyət çəkən ölkələrdən biridir. Elə Avropanın bir sıra KİV-lərində dəqiq olmayan faktlar, yanlış məlumatlar əsasında Azərbaycana qarşı çox sayda dezinformasıyalara yol verilir. Bunların əksəriyyəti məqsədli olaraq yayılır. Bir sıra siyasi güclərin, diaspor və lobbilərin, bəzi şirkətlərin maraqları çərçivəsində həyata keçirilən bu dezinformasiyaların məqsədi Azərbaycanın dünyadakı imicinə zərbə vurmaq, təzyiq göstərməkdir. Biz  Azərbaycana qarşı bu cür addımların burada dəfələrlə şahidi olmuşuq. Bu hallara qarşı sərt mübarizə aparmalıyıq. Burada ikili standartlara yol vermək olmaz”.

 Qeyd olunub ki, terror təşkilatlarının, terroru dəstəkləyən qrupların, radikallığı, nifrəti, islamafobiyanı və antizemitizmi gücləndirən qrupların sosial media və şəbəkələrdə artan fəallığı hər kəsi ciddi narahat etməlidir.

 


Create Account



Log In Your Account