"https://player.vimeo.com/video/267243928"
Apr 30 2018 19:04
Views: 535

Formula-1 Azərbaycan Qran Prisi yarış təqvimində özünəməxsus yer tutduğunu bir daha sübut etdi. Ötən gün keçirilən yarışlar peşəkar pilotların son dövrəyədək liderlik, qələbə uğrunda mübarizəsi, qəzalar, təhlükəsizlik maşının müdaxiləsi, eyni komanda pilotlarının toqquşması kimi rəngarəng anlarla tarixə yazıldı. Xarici idman şərhçiləri yarışların yüksək səviyyədə keçməsindən, Bakı trekinin formula yarışları üçün əlverişli və hazırlıqlı olmasından danışdılar. Formula-1-in şərhçisi Rəhim Əliyev deyir ki, əvvəlki iki ildən fərqli olaraq bu ilki yarışlarda güclü külək sürücülərin işini çətinləşdirib. Komandalar və məşqçilər bu barədə əvvəlcədən məlumatlandırılsa da, gözlənilməz məqamlar da olub.
Bu ilki Formula-1 Azərbaycan Qran Prisini işıqlandıranlar sırasında bloggerlər də az deyil. Sosial media üzərindən yarışı izləyən avtoidman həvəskarlarının sayı milyonlarla ölçülür. İdman şərhçilərinin dəyərləndirmələri bir daha sübut etdi ki, Azərbaycan idman ölkəsidir və artıq dünyada yüksək səviyyəli beynəlxalq yarışların keçirildiyi məkanlardan biri kimi tanınır. Bakı treki elə qurulub ki, Formula-1 yarışları zamanı saysız-hesabsız tamaşaçılar paytaxtın müasirliyi, eyni zamanda qədimiliyini izləmək imkanı əldə edir. Bu da ölkənin turizm imkanlarının təbliği baxımından önəmli məqamdır və ideal seçilmiş konfiqurasiyadır.
Gərgin idman mübarizəsi şəraitində keçən Qran-Prinin əsas mərhələsində 20 pilotdan 13-ü finiş xəttinə çata bildi. Yarışın qalibi “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton oldu. Luis Hamilton mövsümdə və Azərbaycanda ilk, karyerasında 63-cü qələbəsini məhz Bakıda əldə etdi. “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, “Force India” komandasının pilotu Serxio Peres isə üçüncü yerdə qərarlaşdı. Azərbaycan Qran Prisi yenə də unudulmaz hadisələri və dramatikliyi ilə yadda qaldı. Mübarizə iki həftə sonra Barselonada davam edəcək…


Create Account



Log In Your Account