Apr 18 2018 14:55
Views: 482

“Sport Market Intelligence” dünyanın ən yaxşı idman ölkələrinin və şəhərlərinin siyahısını açıqlayıb. Ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənləşən siyahıda Azərbaycan da yer alıb. Müxtəlif növlər üzrə möhtəşəm çempionatların, həmçinin 4-cü İslam Həmrəyliyi Oyunları və “Formula-1” kimi yarışların keçirildiyi Azərbaycan siyahıya daxil olan 88 ölkə arasında 31-ci yerdə qərarlaşıb. 2 pillə irəliləyən ölkəmizin əmsalı 5,578 xalla dəyərləndirilib. Ermənistanın düşmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında 3-cü pillədədir. Ölkəmizi ümumi siyahıda dördüncü olan Rusiya və 27-ci pillədə qərar tutan Belarus qabaqlayır. Azərbaycan Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya, Rumıniya, Xorvatiya kimi idman ölkələrini arxada qoyub. Bu il idman ölkələrinin ilk üçlüyündə dəyişiklik olub. Amerika Birləşmiş Ştatları və Böyük Britaniya ilk 2 pillədəki yerini qoruduğu halda, Çin 3-cü yerə yüksəlib.
İdman şəhərlərinin siyahısına bu dəfə Tokio başçılıq edir. 2 pillə irəliləyən Yaponiya paytaxtının aktivində 18,494 xalı var. Son illər lider olan London ikinci pilləyə enib. “Üçlüy”ü Rio-de-Janeyro tamamlayır. Azərbaycan paytaxtı Bakı 5,482 xalla dünyanın 15-ci şəhəridir. Paytaxtımız ötən illə müqayisədə 3 pillə geriləsə də, Vankuver, Sankt-Peterburq, İstanbul, Barselona, Los Anceles, Milan, Amsterdam, Ştutqart, Hamburq, Berlin, Sidney, Seul və bir sıra aparıcı şəhərlərdən öndədir.


Create Account



Log In Your Account